QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Airbus” sərnişin təyyarəsi eniş etmədən 24 saat 24 dəqiqə havada qalaraq yeni dünya rekorduna imza atıb. Bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytında məlumat yayımlanıb.

Layner həmin müddətdə 23 100 kilometr uçub. Sınaq uçuşu 2026-cı il iyulun 27-dən 28-dək davam edib: təyyarə Avstraliyanın Melburn şəhərindən qalxaraq Fransanın Tuluza şəhərində eniş edib. Marşrut Sakit okean, Şimali Amerika, Atlantik okeanı və Böyük Britaniya üzərindən keçib.

Uçuş iştirakçıları bir sutka ərzində günəşin iki dəfə doğmasını və iki dəfə batmasını müşahidə ediblər.

İndiyədək ən uzun reys 18 saatdan artıq davam edən “Singapore Airlines” şirkətinin Sinqapur-Nyu-York marşrutu sayılırdı.

“Airbus”ın rekord uçuşu sınaq məqsədi daşıyıb. Təyyarədə 13 nəfər olub; onların hamısı mühəndis və pilotlardan ibarət olub. Hava gəmisi Avstraliyanın “Qantas” aviaşirkəti üçün xüsusi hazırlanıb.

Əlavə yanacaq çəninin tutumu 20 000 litrdir. Onun sayəsində layner 22 saata qədər davam edən uçuşlar həyata keçirə biləcək.

Adi sərnişinlər üçün xidmətin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Oktyabrda Sidney-London arasında birbaşa uçuşların başlanacağı, 2028-ci ilin ortalarından isə Sidney-Nyu-York reyslərinin təklif ediləcəyi bildirilir.