QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, tarixçi alim Aydın Balayevin “Azərbaycan türkləri: XIX–XX əsrlərdə milli kimliyin formalaşmasının əsas mərhələləri” kitabı Azərbaycan dilində nəşr olunub.

Tədqiqat Azərbaycan millətinin yaranması, milli kimliyin təşəkkülü və inkişafı mövzusunu əhatə edir. Müəllif tarixi hadisələri ardıcıllıqla təqdim etməklə kifayətlənmir, xalqın millətə çevrilməsi prosesini və ona təsir edən siyasi, sosial-iqtisadi, mədəni, ideoloji amilləri də elmi baxımdan araşdırır.

Balayev Azərbaycan xalqının milli kimliyinin keçdiyi mərhələlər və ziyalıların milli özünüdərkin formalaşmasındakı rolu ilə bağlı məsələlərə konkret tarixi faktlar və müasir elmi nəzəriyyələr əsasında yanaşır. Müəllifin qənaətinə görə, müasir Azərbaycan millətinin formalaşması obyektiv tarixi proseslərlə yanaşı, ziyalıların məqsədyönlü və fədakar fəaliyyəti ilə də bağlıdır.

Kitabda milli kimlik məsələsi konstruktivist nəzəriyyə çərçivəsində təhlil edilir. Son iki əsrdə Azərbaycan türklərinin milli kimliyində baş verən dəyişiklikləri araşdıran əsər oxucuya xalqın keçmişini, eləcə də müasir milli kimliyin intellektual və ideoloji əsaslarını daha dərindən anlamaq imkanı verir.

Nəşrin Azərbaycan dilində işıq üzü görməsi milli kimlik tarixinə dair elmi biliklərin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyət daşıyır. Kitab tarixçilər və etnoloqlarla yanaşı, milli yaddaş, tarixi köklər və millətin formalaşması ilə maraqlanan oxucular üçün də nəzərdə tutulub.

Əsər ilk dəfə 2022-ci ildə rus dilində nəşr olunub.