QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Çinli alimlərin saç tökülməsinə qarşı hazırladığı eksperimental cihaz laboratoriya siçanları üzərində aparılan sınaqlarda ümidverici nəticə göstərib.
Pekində yerləşən Beihang Universiteti ilə Honkonq Şəhər Universitetinin mütəxəssislərinin hazırladığı “Detangle” adi darağa oxşayır, lakin başqa iş prinsipi ilə çalışır. Baş dərisinə toxunduqda cihaz impulslu elektrik sahələri yaradır və saç follikullarının olduğu nahiyəyə elektrik stimulyasiyası ilə yanaşı, müalicəvi molekullar çatdırır.
Tədqiqatçıların bildirdiyinə görə, texnologiya follikullara şampun və losyon kimi səthi vasitələrdən təxminən doqquz dəfə dərinə nüfuz edə bilir. Təcrübələr kişi tipli saç tökülməsi modeli yaradılmış siçanlarda aparılıb, prosedur isə üç gündən bir tətbiq olunub.
Elektrik stimulyasiyasının qan dövranını artıran və saç tökülməsinə səbəb olan hormonu bloklayan gen komponentləri ilə birgə istifadə edildiyi qrupda 28 günün sonunda tüklərin yenidən uzanma göstəricisi 97,85 faiz olub.
Müqayisə üçün, həmin müddətdə minoksidil tətbiq edilən siçanlarda nəticə təxminən 70 faiz, finasterid istifadə olunanlarda 50 faiz təşkil edib. Yalnız elektrik stimulyasiyası alan qrupda isə göstərici təxminən 40 faiz olub.
Bununla belə, sınaqlar indiyədək yalnız siçanlar üzərində keçirilib. Onların dərisi insan dərisindən daha nazik və anatomik baxımdan fərqli olduğundan nəticələrin insanlara birbaşa aid edilməsi mümkün deyil. Cihazın insanlarda eyni nəticə verəcəyi və təhlükəsizliyi hələ təsdiqlənməyib.
“Detangle” hazırda eksperimental mərhələdədir. Klinik sınaqların nə vaxt başlayacağı, cihazın kütləvi satışa çıxarılıb-çıxarılmayacağı və qiyməti barədə məlumat açıqlanmayıb.