QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən qəza nəticəsində ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanlı və sürücü Anar Kərimov həyatını itirib. Anarın həyat yoldaşının qardaşı Toğrul İsmayıl sosial şəbəkələrdə yayılan məlumatları tənqid edib.
İsmayıl bildirib ki, qəza barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatda Anarın atasının adı texniki səhv nəticəsində “Alik” kimi göstərilib, halbuki düzgün ad Xaliqdir. Onun sözlərinə görə, bəzi xəbər saytları soyad oxşarlığına əsaslanaraq, araşdırma aparmadan Anarın hansısa iş adamının oğlu olması barədə məlumat yayıb.
Toğrul İsmayıl daha sonra Ada Süleymanlı ilə Anar arasında əlaqə axtarılmasını da qınayıb. O, ailənin faciəsindən istifadə edərək dəqiqləşdirilməmiş məlumat yaymağı jurnalist və insan etikası ilə uzlaşmayan davranış adlandırıb.
İsmayıl Anarın hadisə zamanı sərxoş olması barədə iddiaların təsdiqlənmədiyini söyləyib: “Bunu sübut edən hər hansı bir qaynaq varmı? Ekspertizada belə bir fakt təsdiq edilməyib. Belə olduğu halda, dəqiqləşdirmədən hadisənin rəngini, motivini dəyişib belə bir məlumatı yayımlamaq ən azından jurnalistika üçün ləkədir”.
O, Anar Kərimovun şirkətlərdən birində sıravi işçi olduğunu, Ada Süleymanlı ilə uzun müddətdir dostluq etdiyini və ailəsinin bu münasibətdən xəbərdar olduğunu qeyd edib. İsmayılın sözlərinə görə, ailə Ada Süleymanlının ad günündə iştirakından da məlumatlı olub.
“Anar vətəndaş kimi də, insan kimi də mükəmməl bir insan idi”, – deyə Toğrul İsmayıl bildirib.