QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Belarus nümayəndə heyəti paytaxtda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı münasibətilə Azərbaycanda səfərdədir.
Kəmaləddin Heydərov qonaqları salamlayıb və yarışda iştiraklarına görə təşəkkür edib. O, dünya çempionatının Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin xilasediciləri arasında peşəkar əlaqələri möhkəmləndirəcəyini və yanğın-xilasetmə idmanının inkişafına kömək edəcəyini bildirib.
Nazir Azərbaycan-Belarus münasibətlərinin genişləndiyini, iki ölkənin fövqəladə hallar nazirlikləri arasında da uzun müddətdir səmərəli əməkdaşlıq qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müntəzəm əlaqələr, eləcə də təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.
Heydərov səfərin və imzalanacaq sənədin fövqəladə hallarla bağlı operativ məlumat və təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Vadim Sinyavski görüşə görə minnətdarlığını çatdırıb və Bakıda təşkil olunan dünya çempionatının yüksək səviyyədə keçirildiyini deyib. O, iki ölkənin fövqəladə hallarla mübarizə üzrə qurumları arasındakı əməkdaşlığın qarşılıqlı faydasını qeyd edib. Sinyavski müxtəlif səviyyəli səfərlərin, görüşlərin və sənədlərin əlaqələrin inkişafına töhfə verdiyini, hazırkı danışıqların da nazirliklərarası əməkdaşlığın genişlənməsinə şərait yaradacağını bildirib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. Görüşün ardınca Azərbaycan FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə Belarus FHN-in Fövqəladə Halların İdarə edilməsi və Reaksiyavermə Respublika Mərkəzi arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament imzalanıb.
Sənədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Belarus Respublikasının fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Vadim Sinyavski imza atıblar.
Səfər zamanı Sinyavski əhalinin və ərazilərin təbii və texnogen fövqəladə hallardan qorunması, habelə Belarus FHN ilə əməkdaşlığın qurulması istiqamətlərində xidmətlərinə görə Heydərova “Həyat fəaliyyəti təhlükəsizliyinin təbliğinə görə” döş nişanını təqdim edib.
Belarus FHN-in nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan FHN-in bir sıra qurumlarında olub və onların fəaliyyəti ilə tanışlıq aparıb.