QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, pankreas xərçəngindən müalicə alan türkiyəli aktrisa Gül Onatın sosial şəbəkədə paylaşdığı yeni foto izləyicilərinin diqqətini çəkib. “Sihirli Annem” serialında Perihan obrazını canlandıran sənətçiyə şərhlərdə çoxsaylı şəfa diləkləri ünvanlanıb.
Ağır müalicə mərhələsindən keçən aktrisanın paylaşımına qısa zamanda dəstək mesajları gəlib.
1953-cü ildə Ankarada doğulan Gül Onat 1975-ci ildə “Sefer Seferde” filmi ilə kino karyerasına başlayıb. 2003-2011-ci illərdə yayımlanan “Sihirli Annem”dəki Perihan rolu ona geniş tamaşaçı sevgisi qazandırıb. Aktrisa “Yer Gök Aşk”, “Lale Devri”, “Kaderimin Yazıldığı Gün” və “Hangimiz Sevmedik” seriallarında da çəkilib.
Onat xəstəliyinin 2023-cü ildə başladığını və pankreas xərçəngi diaqnozu aldığını daha əvvəl açıqlayıb. O, bir neçə ağır əməliyyat keçirdiyini, müalicədən sonra səhhətində müvəqqəti yaxşılaşma olduğunu, lakin sonradan xəstəliyin bağırsaqlara yayıldığını bildirib.
Sentyabrda böyrək yollarında aşkarlanan şişlərə görə yenidən əməliyyat edilən aktrisa həmin vaxt nikbin qalmağa çalışıb. O, izləyicilərinə “Narahat olmayın, dik durmağa çalışıram” deyə müraciət etmişdi.
Kimyaterapiya nəticəsində saçlarını qırxdıran Gül Onat həmin görüntüsünü iyulda sosial şəbəkədə yayımlamışdı. “Sihirli Annem”də onun qızını oynayan İnci Türkay isə sentyabr ayında xəstəxanada aktrisaya baş çəkərək dəstəyini göstərmişdi.
Son fotosundan sonra pərəstişkarları şərhlərdə Onata şəfa arzulayıb və ona mənəvi dəstək ifadə ediblər.