QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Rəqəmsal Media Ayı” çərçivəsində Aysel Ağayeva ilə şəbəkələşmə görüşü baş tutub. Bloger və sosial təşəbbüslər sahəsində fəal olan Ağayeva iştirakçılarla təcrübəsini bölüşüb.

O, sosial media fəaliyyətinin planlaşdırılması, auditoriyanın genişləndirilməsi və istifadəçilərin maraqlarına uyğun məzmun hazırlanması barədə danışıb. Görüşdə, həmçinin influenser marketinqinin rəqəmsal kommunikasiyadakı yeri, brendlərlə əməkdaşlığın prinsipləri və sosial şəbəkələrdə auditoriyanın etimadını qazanmaq məsələləri müzakirə olunub.

İştirakçıların sualları cavablandırılıb. Sosial media sahəsində peşəkar inkişaf imkanları, marketinqdə tətbiq olunan praktiki üsullar və aktual tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Noyabr ayı ərzində müxtəlif hədəf qruplarına yönələn maarifləndirmə və inkişaf proqramları, praktiki təlimlər, seminarlar, şəbəkələşmə görüşləri və media kampaniyaları təşkil ediləcək. Proqramda rəqəmsal media trendləri, sosial platformaların iş prinsipləri, məzmun strategiyalarının qurulması, süni intellekt texnologiyalarından istifadə, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə mövzuları diqqət mərkəzində olacaq.