QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Microsoft ötən həftə milyonlarla istifadəçinin elektron poçtuna və digər xidmətlərə çıxışını məhdudlaşdıran qlobal nasazlığın səbəblərini açıqlayıb. Şirkətin ilkin hesabatında problemin eyni vaxtda təsir göstərən üç amillə bağlı olduğu bildirilib.

Microsoft-un məlumatına görə, nasazlığa aylar əvvəl yaranmış proqram xətası, daxili şəbəkədəki bağlantı problemi və server imkanlarının azalması səbəb olub. Bu hallar üst-üstə düşərək sistemlərdə yükü artırıb və serverlərin istifadəçi sorğularını cavablandırmasına mane olub.

Problem ötən həftənin cümə axşamı ABŞ-də Outlook poçt xidmətinə giriş çətinlikləri ilə üzə çıxıb. Nasazlıq ertəsi gün də davam edib, müxtəlif ölkələrdə milyonlarla istifadəçi Microsoft 365 xidmətlərindən yararlana bilməyib.

Kəsinti xəstəxanalarda sənədlərin kağız üzərində hazırlanmasına, məktəblərdə valideynlərlə əlaqənin çətinləşməsinə səbəb olub. Polis bölmələri də cinayət hadisələri ilə bağlı müraciətləri qəbul edə bilməyib.

Microsoft-un vitse-prezidenti Çarlz Lamanna bildirib ki, iyuldan qalan gizli proqram xətası serverlərin həddən artıq yüklənməsinə yol açıb. Microsoft Teams üçün nəzərdə tutulmuş şəbəkə keçidlərindən birinin sıradan çıxması da əsas keçidə əlavə yük gətirib.

Bundan başqa, əvvəlki gündən davam edən nasazlıq şirkətin server gücünün 14 faizdən çoxunu sıradan çıxarıb. Sorğuların artması və server imkanlarının azalması sistemin tam dayanması ilə nəticələnib. Microsoft hadisənin kiberhücum olmadığını vurğulayıb və daha geniş məlumatı əhatə edən yekun hesabatın dərc ediləcəyini bildirib.