QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, rəsmi dövlət hesablarına hücumlar texniki vasitələrlə yanaşı, istifadəçiləri aldatmağa yönələn psixoloji üsullara da əsaslanır və ciddi təhlükəsizlik boşluqları yarada bilər. Hücumların geniş yayılmış formalarından biri sosial mühəndislik və fişinqdir. Cinayətkarlar Instagram, X/Twitter və ya Facebook-un dəstək xidməti təsiri bağışlayan saxta məktub və mesajlarla istifadəçilərə müraciət edirlər. “Hesabınızda şübhəli giriş aşkar edildi, təsdiqləmək üçün bu linkə klikləyin” məzmunlu bildirişlər vasitəsilə istifadəçi adı, şifrə və ikiqat təsdiqləmə (2FA) kodları oğurlana bilər.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev bu barədə danışıb.

Ekspertin sözlərinə görə, sadə şifrə seçilməsi və ya əvvəlki məlumat sızmalarında işlədilmiş şifrənin təkrar istifadəsi hücumçulara “brute force” və “credential stuffing” üsulları ilə hesaba daxil olmaq imkanı verir. Bu cür ələkeçirmə “Account Takeover” adlanır.

Musayev bildirib ki, dövlət rəsmilərinin cihazlarına yerləşdirilən “keylogger” və “spyware” proqramları klaviaturada yazılanları və ekrandakı görüntüləri izləyərək məlumatları oğurlaya bilər. “SIM-swap” hücumunda isə telefon nömrəsi operator vasitəsilə hücumçunun SIM kartına keçirilir və 2FA kodları onun əlinə çatır. “Session Hijacking” zamanı brauzerdəki aktiv “cookie”lər ələ keçirilir, bu da şifrəni bilmədən hesaba daxil olmağa şərait yaradır.

Prezidentin hesabının ələ keçirilməsi yalnız səhifəyə nəzarətin itirilməsi ilə məhdudlaşmır. Həmin hesabdan saxta elanlar, dövlət siyasəti ilə bağlı yanlış bəyanatlar və təhlükəli göstərişlər yayıla, bununla da cəmiyyətdə panika, qarışıqlıq və sosial qeyri-sabitlik yarana bilər.

Belə hücumlar dövlətin kibermüdafiə imkanlarına dair mənfi təsəvvür formalaşdırmaq məqsədi daşıya bilər. Hücumun konkret dövlət və ya qrupla əlaqələndirilməsi diplomatik böhran və beynəlxalq münaqişə ehtimalını artırır. Həmçinin ələ keçirilmiş rəsmi hesab başqa dövlət qurumlarının rəqəmsal sistemlərinə keçid üçün “atlama nöqtəsi” kimi istifadə oluna bilər.

Fərid Musayev bu risklərə qarşı dövlət səviyyəsində kibermüdafiə strategiyalarının, aparat əsaslı ikiqat təsdiqləmənin (Hardware-based 2FA), fasiləsiz monitorinqin və rəsmi şəxslər üçün təhlükəsizlik protokollarının vacibliyini vurğulayıb.