QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, TikTok-da Kəbənin görüntüləri əsasında yaradılan virtual təvaf simulyasiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilərin dini ayinləri rəqəmsal oyuna çevirərək canlı yayımlarda izləyicilərdən jeton və virtual hədiyyələr topladığı bildirilir.

Yayılan videolarda TikTok istifadəçilərinin Kəbənin üçölçülü təsvirindən yararlanaraq “Kəbə təvafı” adlı simulyasiya qurduğu görünür. Canlı yayımda ekranın ortasında Kəbə təsviri, onun ətrafında isə izləyiciləri təmsil edən virtual personajlar yer alır.

İzləyici şərh hissəsinə “qatıl” yazmaqla simulyasiyaya qoşula bilir. Sistem həmin şəxsin istifadəçi adı ilə virtual personaj yaradır və onu Kəbənin təsviri ətrafında hərəkət etdirir.

Yayımlarda təvaf, şavt, zəmzəm və şeytan daşlama kimi dini terminlərdən istifadə edildiyi qeyd olunur. Göndərilən jetonların sayına görə müxtəlif animasiyalar işə düşür, daha çox hədiyyə yollayanlar isə xüsusi siyahıda ön sıralarda göstərilir.

Beləliklə, dini ayinlər virtual oyunun mexanizminə daxil edilir və izləyiciləri daha çox pul xərcləməyə yönəldən sistem yaranır.

Simulyasiyanın proqram təminatı da diqqət çəkib. Virtual təvaf sisteminin mənbə kodlarının bəzi internet forumlarında 750 Türkiyə lirəsindən başlayan qiymətlərlə satışa çıxarıldığı bildirilir.

Bu görüntülər dini dəyərlərin kommersiya məqsədilə istifadəsi və insanların dini hisslərindən yararlanılması ilə bağlı sosial şəbəkələrdə müzakirələr yaradıb.