QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Cambridge” lüğəti 2026-cı il üçün ilin sözü kimi “human” (“insan”) ifadəsini müəyyənləşdirib.
Lüğətdə “human” heyvan və maşınlardan fərqli olaraq insanlara xas xüsusiyyətlərə, qüsurlara və duyğulara malik olmağı bildirir.
“Cambridge”in leksikoqrafı Kolin Makintoş süni intellektin insan olmağın mənası barədə düşüncələrə təsir etdiyini söyləyib. O qeyd edib ki, düşünmə işlərinin bu texnologiyaya tapşırılması ona nə qədər etibar edilməli olduğu sualını gündəmə gətirir. “Human-made” (“insan tərəfindən yaradılmış”) ifadəsinin daha çox işlənməsi isə insan əməyini süni intellektin hazırladığı məhsullardan ayırmaq meylini göstərir.
“Microsoft”un qurucusu Bill Qeyts də seçimi şərh edib. Onun sözlərinə görə, süni intellekt xəstəliklərin müalicəsində və təhsilin inkişafında fayda verə, eləcə də insanlara dəyər verdikləri işlərə daha çox vaxt ayırmaq imkanı yarada bilər. Qeyts hesab edir ki, bu texnologiyanın uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə qiymətləndirilməlidir.
İlin sözü seçimi üçün “agent”, “wholesome” və “analogue” sözləri də namizədlər sırasında olub. Lüğətə daxil edilən yeni ifadələr arasında sosial şəbəkələrdə işlədilən “aura farming” və “looksmaxxing” terminləri də var.