QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı üçün dövlətin iqtisadiyyatda birbaşa rolunun optimal həddə endirilməsini, özəl sektorun fəaliyyət imkanlarının artırılmasını vacib sayır.

Onun fikrincə, dövlətin başlıca funksiyası biznes fəaliyyəti göstərmək deyil, hamı üçün bərabər və şəffaf qaydalar müəyyənləşdirmək, qanunlara əməl olunmasına nəzarət etmək və rəqabəti qorumaqdır. Sahibkar əsassız yoxlamalar, inzibati əngəllər və qurumların müdaxilələri ilə üzləşməməlidir. Bunun üçün nəzarətin risk əsaslı təşkili, yoxlamaların və bürokratik prosedurların azaldılması təklif olunur.

Nəsirli sağlam rəqabətin qurulmasını da əsas istiqamətlərdən biri kimi göstərib. O bildirib ki, bazarda sahibkarlara xüsusi üstünlük verilməməli, hamı eyni şərtlərlə işləməlidir. Dövlət resurslarına, güzəştli kreditlərə, tenderlərə və bazarlara çıxışda ayrı-ayrı şirkətlərə verilən üstünlüklər rəqabəti zəiflədir. Buna görə inhisarçılığa qarşı tədbirlər gücləndirilməli, dövlət satınalmaları şəffaf olmalı, yeni iştirakçıların bazara daxil olmasına maneələr aradan qaldırılmalıdır.

İqtisadçı dövlət müəssisələrinin iqtisadiyyatda iştirakının mərhələli şəkildə optimallaşdırılmasını da vacib hesab edir. Onun sözlərinə görə, bəzi dövlət kommersiya müəssisələrinin özəlləşdirilməsi, idarəetmənin peşəkarlaşdırılması və özəl sərmayə üçün imkanların açılması iqtisadi fəallığı yüksəldə bilər. Bununla belə, özəlləşdirmə dövlət inhisarının özəl inhisarla əvəzlənməsinə səbəb olmamalı, əsas hədəf real rəqabət olmalıdır.

Nəsirli qeyd edib ki, yerli sahibkarların xarici investorlarla bərabər imkanlara sahib olması xüsusi əhəmiyyət daşıyır. Xarici investorlara yaradılan şərait yerli biznes üçün də əlçatan olmalı, vergi güzəştləri, kredit, torpaq, infrastruktur və dövlət dəstəyi üzrə ayrı-seçkiliyə yol verilməməlidir. Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, girov şərtlərinin yumşaldılması və hüquqi təminatların gücləndirilməsi də vacibdir.

Onun sözlərinə görə, mülkiyyət hüquqlarının qorunması və məhkəmə sisteminə inamın artırılması da sahibkarlıq mühitinin əsas şərtlərindəndir. Sahibkar əmlakının, sərmayəsinin və biznes fəaliyyətinin hüquqi müdafiədə olduğuna əmin olmalıdır. Mübahisələr zamanı məhkəmələr obyektiv qərar verməli, sahibkar inzibati resurslar qarşısında müdafiəsiz qalmamalıdır.

Nəsirli hesab edir ki, liberal iqtisadiyyatın inkişafı üçün dövlət biznesə əngəl yaradan deyil, onun fəaliyyətinə şərait formalaşdıran tərəf olmalıdır. İqtisadiyyat müstəqil sahibkarlar, rəqabət aparan şirkətlər və özəl investisiyalar əsasında genişləndikcə məhsuldarlıq, məşğulluq və əhalinin gəlirləri üçün daha böyük imkanlar yaranır.