QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində ağıllı saatların mobil cihaz sayılması və hər biri üçün 20 manat aksiz vergisi müəyyən edilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsinə əsasən, mobil cihazlar aksizli mallar siyahısına daxil edilib. Fiziki şəxslərin şəxsi istifadə məqsədilə bir təqvim ili ərzində bir mobil cihazı gömrük ödənişi ödəmədən gətirməsi də nəzərdə tutulub. Bu müddəalar 1 yanvar 2026-cı ildən qüvvəyə minib.

Qanun qüvvəyə mindikdən sonra fərdi rabitə funksiyası olmayan bəzi avadanlıqların gömrük rəsmiləşdirilməsi zamanı aksiz tətbiqi ilə bağlı müraciətlər daxil olub. Müraciətlərdə bu vəziyyətin vergi ödəyiciləri üçün çətinlik yaratdığı bildirilib.

Məsələ, xüsusilə kommunal infrastrukturu yaxşılaşdırmaq məqsədilə idxal olunan ağıllı qaz sayğacları, onlarda işlədilən təzyiq və temperatur sensorları, eləcə də məlumat ötürən kommunikasiya modulları ilə bağlıdır. Avadanlığın SIM-kart yuvası və ya IMEI identifikatoru olduqda, gömrükdə onun mobil cihaz kimi təsnif edilməsi aksiz öhdəliyinə səbəb ola bilər.

Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 212 nömrəli qərarı ilə təsdiqlənən mobil cihazların qeydiyyatı qaydalarında bu anlayış mobil operatorların ümumi istifadəli telekommunikasiya şəbəkəsində mobil xidmət alan və ya almağa yararlı telefon aparatı, eləcə də digər son avadanlıq kimi müəyyən edilir.

Təklif olunan dəqiqləşdirmə zamanı şəbəkəyə qoşulma imkanından əlavə, qoşulmanın hansı məqsədlə istifadə olunmasının da nəzərə alınması planlaşdırılır. Beləliklə, SIM-kart və ya eSIM vasitəsilə mobil operatorun şəbəkəsinə qoşulub səsli rabitə xidmətləri göstərən cihazların əhatə dairəsi müəyyənləşdiriləcək. Bu sıraya mobil telefonlar, planşetlər və ağıllı saatlar daxil ediləcək.