QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sələfi olan “Azərsu” ASC-də Qorxmaz Hüseynovun rəhbərliyi dövründə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı faktlar aşkarlanıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin vaxt yol verilmiş qanun pozuntularını araşdırıb.

Mənimsəmə işi üzrə sabiq vəzifəli şəxslərdən birinə yekun ittiham elan olunub. Qorxmaz Hüseynov və digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılıb. Müvafiq dövrdə müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov tərəfindən imzalanıb. Onlar barəsində cinayət təqibi davam edir.

Prokurorluq belə işlərdə dövlətə dəymiş zərərin ödənilməsi üçün imkan yaradır. Vəsait geri qaytarılmadıqda şəxs cinayət məsuliyyətinə cəlb edilir və iş məhkəməyə göndərilir.

Qorxmaz Hüseynov 2011–2021-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri olub.

Bu yaxınlarda iş üzrə “Azərsu”nun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onunla bağlı cinayət işi məhkəməyə göndərilib. Əliyev ayrıca icraata ayrılmış işdə adı çəkilən şəxslərlə əlbir olaraq 3 milyon manat zərər vurmaqda ittiham olunur. Digər şəxslər bu işdə şahid kimi dindirilib və məhkəmədə də ifadə verə bilərlər.

Hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini bildirib. O, iki dəfə məhkəmə qərarı ilə işinə bərpa edildiyini, son qərarın 16 aydır icra olunmadığını və hazırkı ittihamın bununla əlaqədar irəli sürüldüyünü deyib.