QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bəzi fərmanlarda dəyişiklik edilməsi barədə sənəd imzalayıb. Aqropark Zəngilan və Qubadlı rayonlarının ərazilərini əhatə edəcək.
Sənədə əsasən, aqropark müasir texnologiyalardan istifadə etməklə rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, xidmətlərin göstərilməsi, həmçinin məhsulların saxlanması, çeşidlənməsi və satışı üçün nəzərdə tutulan ərazi olacaq. Məqsəd bu sahədə sahibkarların səmərəli işləməsinə və inkişafına dəstək verməkdir.
Aqroparkın təşkili, idarə olunması və inkişafı üzrə tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi hazırlayıb həyata keçirəcək. Agentlik dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsinə də cəlb olunacaq.
Layihələndirmə işləri, ərazinin istifadəyə hazırlanması, eləcə də elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə və digər infrastrukturun qurulması üçün 2026-cı ilin dövlət büdcəsindən Agentliyə ilkin olaraq 500 min manat ayrılıb. Vəsait Prezidentin ehtiyat fondundan veriləcək.
Nazirlər Kabinetinə Zəngilan şəhəri yaxınlığındakı 1424,55 hektar və Qubadlı rayonunun Tatar kəndi ətrafındakı 164,15 hektar kənd təsərrüfatı torpağını icarə hüququ ilə Agentliyin daimi istifadəsinə vermək tapşırılıb. Bu iş iki ay ərzində görülməli, nəticəsi Prezidentə bildirilməli və fərmandan irəli gələn digər məsələlər həll olunmalıdır.
İqtisadiyyat Nazirliyi xüsusi nümayəndəliyin təkliflərini nəzərə alaraq, aqroparkda istehsal ediləcək və emal olunacaq aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay ərzində müəyyənləşdirərək Prezidentə təqdim etməlidir. Nazirlik Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliklə birgə infrastrukturun yaradılmasına və sahibkarlıq fəaliyyəti üçün zəruri xidmətlərin təşkilinə dəstək verəcək.
Maliyyə Nazirliyi fərmanda nəzərdə tutulan 500 min manatın ayrılmasını təmin etməlidir.