QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, qlobal iqtisadiyyatın nominal həcmi 2040-cı ilədək 227 trilyon dollara yüksələ bilər. İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzinin (Cebr) “Dünya İqtisadi Liqası Cədvəli 2026” hesabatında Azərbaycanın həmin il 190 iqtisadiyyat arasında 85-ci sırada qərarlaşacağı proqnozlaşdırılır.
Hesabatın hesablamalarına əsasən, dünya iqtisadiyyatı 2026-cı ildə təxminən 124 trilyon dollar təşkil edəcək. 2040-cı il üçün nəzərdə tutulan 227 trilyon dollarlıq göstərici 14 il ərzində nominal artımın 83 faiz olacağı deməkdir.
ABŞ-nin ən iri iqtisadiyyat mövqeyini saxlayacağı, lakin Çinlə fərqin daralacağı bildirilir. 2026-cı ildə ABŞ-nin ÜDM-i 31,6 trilyon, Çinin isə 20,9 trilyon dollar səviyyəsində qiymətləndirilir. 2040-cı ildə bu rəqəmlərin müvafiq olaraq 52,9 trilyon və 47,9 trilyon dollara yüksələcəyi gözlənir. Beləliklə, aradakı 10,7 trilyon dollarlıq fərq təxminən 5 trilyona enəcək.
Proqnoza görə, 2040-cı ildə ABŞ qlobal ÜDM-in 23,3 faizinə, Çin isə 21,1 faizinə sahib olacaq. Asiyanın dünya iqtisadiyyatındakı çəkisinin artmasında Çin, Hindistan və İndoneziyanın yüksəlişinin əhəmiyyətli rol oynayacağı qeyd olunur.
Hindistanın ÜDM-i 4,5 trilyon dollardan 14,1 trilyona çataraq ölkəni dünyanın üçüncü böyük iqtisadiyyatına çevirə bilər. Bununla Hindistan Almaniya və Yaponiyanı qabaqlayacaq. İndoneziyanın isə 2026-cı ildəki 17-ci pillədən 2040-cı ildə 8-ci yerə yüksələcəyi, iqtisadiyyatının 4,2 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Almaniya və Yaponiya iqtisadi baxımdan böyüsələr də, reytinqdə geriləyəcəklər: Almaniyanın mövqeyi üçüncülükdən dördüncülüyə, Yaponiyanınkı isə beşincilikdən altıncılığa düşəcək. Avropanın qlobal iqtisadiyyatda payının 2026-cı ildəki 26 faizdən 21 faizə, Şimali Amerikanın payınınsa 30 faizdən 27 faizə azalacağı gözlənilir.
Azərbaycanın nominal ÜDM-i 2040-cı ildə 152 milyard dollar həcmində proqnozlaşdırılır. Bu, ölkənin dünya iqtisadiyyatındakı payının 0,1 faizdən aşağı olacağı deməkdir.
Qonşu ölkələr üzrə proqnozlarda Türkiyə 2,053 trilyon dollarlıq ÜDM-lə 19-cu, Rusiya 3,247 trilyon dollarla 16-cı, İran 594 milyard dollarla 49-cu sırada göstərilir. Gürcüstanın 102 milyard dollarla 97-ci, Ermənistanın isə 69 milyard dollarla 111-ci yerdə olacağı bildirilir.
2040-cı il üçün ən yüksək ÜDM göstəriciləri ABŞ-də 52 852 milyard, Çində 47 877 milyard, Hindistanda 14 092 milyard dollar səviyyəsində hesablanıb. Sonrakı yerlərdə Almaniya 7 783 milyard, Birləşmiş Krallıq 6 784 milyard, Yaponiya 5 922 milyard, Fransa 5 203 milyard və İndoneziya 4 182 milyard dollarla qərarlaşıb.
Reytinqdə Azərbaycanla yanaşı 152 milyard dollarlıq göstərici Uruqvay üçün də verilib; ölkələr siyahıda müvafiq olaraq 85-ci və 86-cı yerdə göstərilir.