QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan güləşçiləri noyabrın 25-dən dekabrın 1-dək Ermənistanda keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar. Yarış deflimpiyaçılar arasında təşkil olunacaq.
Azərbaycan Milli Deflimpiya Komitəsinin Avropa Karlar İdman Təşkilatına (EDSO) üzvlüyü idmançıların turnirdə iştirakına imkan yaradır. Çempionatda böyüklər, gənclər və yeniyetmələr kateqoriyalarında eşitmə qüsurlu güləşçilər yarışacaqlar.
Böyüklər arasında bu, 8-ci Avropa çempionatı olacaq. Yeniyetmə və gənclər üçün qitə yarışı beşinci dəfə keçiriləcək, qadınlar arasında isə ilk dəfə təşkil olunacaq. Yarışın keçiriləcəyi yer barədə məlumatlarda Ermənistanın paytaxtı İrəvan, ölkənin üçüncü böyük şəhəri Vanadzor (Böyük Qarakilsə) və kurort şəhəri Tsaxkadzor (Dərəçiçək) qeyd edilir.
İyulun 27-dən avqustun 2-dək Bakıda keçirilən U-17 dünya çempionatında Ermənistanı 16 güləşçi təmsil edib. Onlardan altısı sərbəst, 10-u yunan-Roma güləşində iştirak edib. Yunan-Roma güləşçisi Canes Nəzəryan 71 kq çəki dərəcəsində qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) isə bürünc medal qazanıblar.
Milli Deflimpiya Komitəsinin İdarə Heyətinə səhiyyə naziri Anar Bayramov sədrlik edir. Komitənin prezidenti vəzifəsini Əli Qurbanlı icra edir.
EDSO noyabrın 11-12-də Bakıda cüdo üzrə Avropa çempionatı da keçirib. Yarışda 12 Avropa ölkəsindən 77 idmançı tatamiyə çıxıb.
Bundan əlavə, Azərbaycanın karate üzrə yeniyetmələrdən, gənclərdən və U-21 idmançılarından ibarət komandasının fevralın 5-7-də İrəvanda təşkil ediləcək Avropa çempionatında iştirakı gözlənilir.