QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakıda 166 saylı avtobusun yararsız vəziyyətdə olduğu halda sərnişin daşıdığı bildirilir.

Məlumata və görüntülərə əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Sabunçu rayonunun Ramana qəsəbəsindəki Gülçülük sovxozu istiqamətində işləyən avtobuslarda nasazlıq var.

Bu nəqliyyat vasitələrindən müntəzəm istifadə edən sərnişinlər ötən gün yolda qalıblar. Onların sözlərinə görə, avtobus mənzil başına çatmamış tüstüləməyə başlayıb və sərnişinlər nəqliyyat vasitəsini tərk etməli olublar.

Şikayətçilər həmin marşrutda işləyən avtobusların hamısının nasaz olduğunu bildiriblər. Onların sözlərinə görə, bəzi avtobusların əyləcləri işləmir, digərləri isə tez-tez sıradan çıxır. Buna görə xəttə az sayda avtobus buraxılır.

Sərnişinlər avtobus gözləmək üçün 40 dəqiqə və ya bir saat yolda qalmalı olduqlarını qeyd ediblər.