QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilərin XXI, qadınların isə XII dünya çempionatının rəsmi açılışı baş tutub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov, Belarusun fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Vadim Sinyavski iştirak ediblər. Həmçinin Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini, polkovnik Sanjar Zuparov, Qırğızıstanın fövqəladə hallar nazirinin müavini, polkovnik Almazbek Asanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev tədbirə qatılıblar. Mərasimdə federasiyaya üzv ölkələrin komandaları və nümayəndə heyətləri, hakimlər, yerli və xarici qonaqlar da olublar.
FHN və beynəlxalq federasiyanın birgə təşkil etdiyi açılışda əvvəlcə federasiyanın əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandaları təntənəli keçid ediblər. Daha sonra meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı və federasiyanın bayrağı gətirilib, ölkənin Dövlət Himni və federasiyanın himni səslənib.
Kəmaləddin Heydərov açılış nitqində iştirakçıları salamlayıb. O, Prezident və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq idman aləmində nüfuz qazandığını bildirib.
Nazirin sözlərinə görə, ölkədə beynəlxalq standartlara uyğun idman infrastrukturu yaradılır, müxtəlif idman növləri dövlətin diqqət və qayğısı ilə inkişaf edir. Bunun nəticəsində idmançılar dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nəticələr əldə edir və Azərbaycanın bayrağını ucaldırlar. Heydərov, həmçinin, nüfuzlu yarışlara ev sahibliyinin ölkənin güclü idman mərkəzi kimi tanınmasına şərait yaratdığını deyib.
O, Bakı çempionatının yanğınsöndürmə və xilasetmə idmanının irəliləməsinə, ölkələrin aidiyyəti qurumları arasında peşəkar təmasların və təcrübə mübadiləsinin artmasına töhfə verəcəyini vurğulayıb. Heydərov yarışların yüksək ustalıq, ədalətli rəqabət və qarşılıqlı hörmət şəraitində keçəcəyinə inandığını bildirib. Nazir bu idman növünün sağlam həyat tərzinin təşviqinə, gənclərin idmana və cəmiyyətə xidmətə marağının yüksəlməsinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Aleksandr Çuprian, federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik də çıxış edərək çempionatın Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini çatdırıblar. Onlar yarış üçün yaradılan şəraiti və təşkilati işləri təqdir edib, idmançılara uğurlar diləyiblər.
Bunun ardınca dünya çempionatı açıq elan edilib. Mərasimdə Azərbaycanın tarixi və mədəniyyətini, eləcə də yarışları əks etdirən videoçarxlar göstərilib, milli musiqi və rəqslərdən ibarət proqram təqdim olunub.
Proqram üzrə kişilərin hücum nərdivanı ilə qalxma yarışında yarımfinal və final, qadınların mübarizəsində isə final mərhələsi keçirilib. Kişilərin tədris qülləsinin dördüncü mərtəbəsinə hücum nərdivanı ilə qalxma növündə rusiyalı Dmitri Qrebenşikov birinci olub. Gümüş medal Zelimxan Kubayevə, bürünc mükafat isə Stanislav Titorenkoya verilib; hər iki idmançı da Rusiyanı təmsil edir.
Qadınların ikinci mərtəbəyə qalxma yarışında rusiyalı Mariya Kataseva çempion adını qazanıb. Belaruslu Aleksandra Lasenkova ikinci, rusiyalı Yekaterina Sidorenko üçüncü yeri tutub.
Mükafatları Kəmaləddin Heydərov və Aleksandr Çuprian təqdim ediblər. Təltifetmə zamanı qalib ölkələrin himnləri səsləndirilib.
Çempionatda idmançılar dörd növdə yarışırlar: hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr maneəli qaçış, 4x100 metr yanğın estafeti və döyüş açılışı.