QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, payız və qış aylarında satışa çıxarılan pomidorların və digər tərəvəzlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. Mövsümdənkənar məhsulların yetişdirildiyi istixanalarda gübrə, pestisid və başqa aqrokimyəvi maddələrdən istifadə edilməsi bu müzakirələri gücləndirir.
Qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, tərəvəzin təhlükəsizliyini təkcə onun mövsümünə və yetişdirildiyi yerə görə qiymətləndirmək olmaz. Əsas rol becərmə qaydalarına əməl olunması və kimyəvi vasitələrin düzgün işlədilməsidir.
Ekspertin sözlərinə görə, bəzi hallarda istixanada yetişən pomidorlar açıq sahədə becərilənlərdən daha təhlükəsiz ola bilər. İstixana şəraitində fermerlərin məhsulun yetişmə prosesinə nəzarət imkanları geniş olur.
Eyni zamanda, mövsümündə yetişdirilən pomidorların hamısını təbii və zərərsiz hesab etmək düzgün deyil. Açıq sahədə yetişən bəzi pomidorlar yetişməmiş yığılır, sonra isə süni yetişdirici vasitələr tətbiq olunaraq satışa çıxarılır. Buna görə yay məhsullarında da kimyəvi qalıqlarla bağlı risk mövcuddur.
Pestisid, nitrat və digər aqrokimyəvi maddələrin tərəvəzlərdə normadan artıq qalması sağlamlığa ciddi zərər vura bilər. Şirinovun qeyd etdiyi kimi, belə məhsulların davamlı istehlakı allergiyaya, bağırsaq pozğunluqlarına və kimyəvi zəhərlənməyə yol aça bilər.
Ekspert problemlər sırasında təsərrüfatlarda aqrokimyəvi vasitələrlə işləyəcək ixtisaslı mütəxəssislərin çatışmazlığını da göstərib. Onun fikrincə, bəzi təsərrüfat sahibləri xərcləri azaltmaq üçün bitkiçilik və aqronomluq üzrə biliyi olmayan işçiləri cəlb edir. Gübrə və kimyəvi məhlulların təcrübəsiz şəxslər tərəfindən düzgün bilik olmadan tətbiqi məhsulun təhlükəsizliyinə şübhə yaradır.
Şirinov vurğulayıb ki, aqrokimyəvi vasitələrin yanlış istifadəsi tərəvəzlərin keyfiyyətinə həm yayda, həm də payız-qış mövsümündə mənfi təsir göstərə bilər. Buna görə məsələni yalnız istixana məhsulları ilə əlaqələndirmək doğru deyil.
Şəxsi təsərrüfat və bostanlarda yetişdirilən məhsulların vəziyyəti fərqli ola bilər. Ekspertin sözlərinə görə, insanlar özlərinin becərdiyi məhsullarda istifadə olunan vasitələrə daha çox nəzarət edə bilirlər.
Pomidorun təhlükəsizliyi üçün əsas meyar onun yayda, yoxsa qışda yetişdirilməsi deyil. İstehsalda aqrotexniki qaydalara riayət olunması, gübrə və pestisidlərin düzgün dozada tətbiqi, eləcə də zərərli maddələrin qalıqlarının müəyyən edilmiş həddi keçməməsi vacibdir.