QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində cəbhədə xidmət edən həkimlərdən biri Sumqayıt Tibb Mərkəzinin direktor vəzifəsini icra edən, cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov olub. O, Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində yaralıların müalicəsində və əməliyyatlarında iştirak edib.

Qasımov müharibə dövründə gördüyü işləri, həkim məsuliyyəti ilə bağlı təcrübəsini və hazırda davam etdirdiyi xidmətini bölüşüb.

Həkim bildirib ki, cəbhəyə getmək qərarı həm peşə, həm də vətəndaşlıq borcu ilə bağlı olub. Uşaqlıqdan işğal və xalqın yaşadığı itkilərin yaddaşında qaldığını deyən Qasımov, müharibə başlayanda tibbi bilik və təcrübəsi ilə mübarizəyə dəstək verməyi qarşısına məqsəd qoyub. Yaralı hərbçilərin yanında olmaq, onlara yardım etmək və həyatlarını xilas etmək istəyib.

Onun sözlərinə görə, müharibə vaxtı Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində qurulan tibb məntəqələrində çalışıb. Burada yaralıların vəziyyəti qiymətləndirilir, təcili tibbi yardım göstərilir və cərrahi müdaxilələr aparılırdı. Hədəf hər bir hərbçiyə mümkün qədər tez lazımi tibbi dəstək vermək olub.

Cəbhədəki xatirələrindən danışan Qasımov ağır yaralı əsgərlərdən birinin sarğıdan sonra döyüş yoldaşlarının yanına qayıtmağa tələsdiyini xatırlayıb. Onun fikrincə, əsgərin ağrıya baxmayaraq silahdaşlarını düşünməsi döyüş iradəsini göstərirdi.

Həkimin yaddaşında qalan başqa bir hadisə isə müalicə edib yenidən döyüşə yola saldıqları hərbçinin təxminən bir həftə sonra şəhid olması barədə xəbər almaqlarıdır. Qasımov həyatını xilas etməyə çalışdığı insanın sonradan şəhid olduğunu eşitməyin çox ağır olduğunu vurğulayıb.

Müharibə şəraitində cərrah üçün ən çətin məqamlar ağır travma alan və həyatı təhlükədə olan hərbçilərlə bağlı olub. Bəzi yaralanmaların gələcəkdə ciddi fəsadlar və daimi sağlamlıq məhdudiyyətləri yarada biləcəyini gördüklərini deyən həkim, belə vaxtlarda duyğuları kənara qoyaraq tibbi müdaxiləyə cəmlənməyin vacibliyini qeyd edib. Əsas məqsəd yaralının həyatını qorumaq və mümkün olan ən yaxşı nəticəyə çatmaq olub.

Qasımov bildirib ki, hərbçilərin döyüş əzmi, xalqın birliyi və hər kəsin bacarığı çərçivəsində göstərdiyi dəstək onlara mənəvi güc verib. Əsgərlər ön xətdə döyüşür, həkimlər isə onların həyatını qorumaq üçün çalışırdılar.

Həkim üçün 8 Noyabr xalqın birlik, iradə və qətiyyətinin ifadəsidir. Qələbə xəbərini böyük sevinc və qürurla qarşıladığını deyən Qasımov, yaralı hərbçilərə kömək etmək üçün əlindən gələni göstərməsinin ona mənəvi rahatlıq verdiyini bildirib.

Müharibədən sonrakı dövrə uyğunlaşmağın asan olmadığını söyləyən Qasımov, orada gördüyü ağır yaralanmaların, eşitdiyi səslərin və gərginliyin yaddaşında qaldığını qeyd edib. Onun sözlərinə görə, müharibənin təsirini sonrakı iki-üç il ərzində də hiss edib.

Şəhid ailələrinin, qazilərin və veteranların sağlamlığı ilə bağlı məsələlərin işində xüsusi əhəmiyyət daşıdığını bildirən həkim, onların tibbi ehtiyaclarına diqqətlə yanaşmağı və imkan daxilində dəstək göstərməyi vacib sayır. Müharibə vaxtı yaralıların yanında olmağı, indi isə onların və ailələrinin sağlamlığı üçün çalışmasını eyni xidmətin davamı kimi qiymətləndirir.

Qasımov əməliyyat etdiyi və hazırda həyatını davam etdirən hərbçiləri görəndə sevindiyini deyib. Ağır yaralı gördüyü insanı sonradan sağlam və həyatda görmək həkim üçün ən qiymətli hisslərdəndir.

Mükafatlar barədə danışan Qasımov, müharibəyə medal və ya fəxri ad qazanmaq niyyəti ilə getmədiyini bildirib. O, vətəndaşlıq və Vətən borcunu yerinə yetirmək, həkim kimi yaralılara kömək etmək üçün cəbhəyə yollanıb. Həyatını xilas etməyə çalışdığı insanları bu gün həyatda görməyi əsas mükafatı hesab edir.

Həkimin fikrincə, müharibə insan həyatının həm dəyərini, həm də kövrəkliyini daha aydın göstərib. Bu təcrübə onun peşəsinə bağlılığını artırıb və insanların həyatını qorumağın böyük məsuliyyət olduğunu daha dərindən anlamağa kömək edib. Qasımov hazırda da insanların sağlamlığının qorunmasına xidmət etməyi fəaliyyətinin əsas məqsədi sayır.