QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) göbələklərin seçilməsi və istehlakı zamanı ehtiyatlı davranmağın vacibliyini açıqlayıb. Tanınmayan, şübhəli və köhnəlmiş məhsullar ağır zəhərlənməyə, hətta həyat üçün təhlükəli vəziyyətlərə yol aça bilər.
Agentliyin məlumatında qeyd olunub ki, göbələklərin tərkibində zülallar, fermentlər, bitki şəkərləri, A, B, C və D qrupu vitaminləri, eləcə də selen, kalium, dəmir və sink var. Bununla yanaşı, həzmi çətin olan bu qidanın yığılması, daşınması, saxlanması və emalı qaydalarının pozulması sağlamlıq üçün ciddi risk yaradır.
AQTA-nın bildirdiyinə görə, papaqlı göbələklərin məlum olan 3000 növündən təxminən 400-ü yeməlidir. Zəhərlənmə təhlükəsini artıran amillərə şübhəli göbələklərin toplanması, qurdlu, çürümüş və köhnə məhsulların yeyilməsi, keyfiyyətsiz qablaşdırma, şəxsi gigiyena qaydalarına əməl olunmaması, həmçinin bişmiş yeməyin uyğun olmayan temperaturda saxlanması daxildir.
Göbələyi spirtli içkilərlə birlikdə yemək də məsləhət görülmür. AQTA vurğulayır ki, məhsulun bişirilməsi və başqa üsullarla emalı zəhərlənmə ehtimalını tam aradan qaldırmır.
Agentlik konserv göbələklərdən istifadə zamanı da diqqətli olmağa çağırıb. Qapalı qabda uzun müddət saxlanılan belə məhsullarda botulizm riski yarana bilər. Konservləşdirmə texnologiyası və gigiyena tələblərinə ciddi riayət edilməli, mənşəyi bilinməyən, qeyri-rəsmi qaydada və ya keyfiyyət sertifikatı olmadan satılan məhsullardan istifadə edilməməlidir.
Göbələkdən zəhərlənmə ehtimalı yarandıqda AQTA vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib. Agentlik göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı qaydalarına əməl etməyin vacibliyini də vurğulayıb.