QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) rəhbərlik dəyişikliyi baş verib. 2019-cu il martın 11-dən rektor vəzifəsini tutan Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad olunub.
Babayevin rəhbərlik etdiyi müddətdə universitet tələbələri müxtəlif məsələlərdən narazılıq etdiklərini və problemlərlə qarşılaşdıqlarını bildiriblər. Şikayət və iddialar ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə, mediada və digər vasitələrlə ictimailəşdirilib.
Tələbələrin qaldırdıqları məsələlər arasında məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxt, tədris və qiymətləndirmə qaydaları, habelə müxtəlif tədbirlərlə əlaqədar pul toplanması olub.
Məzun mantiyaları və fotoçəkilişlə bağlı iradlar
Tələbələrin iddialarına görə, universitet daxilində məzun mantiyalarının satışı məcburi xarakter daşıyıb. Onlar hər il rəngi və dizaynı yenilənən geyimlərin qiymətinin artdığını, mantiyanı almağa məcbur edildiklərini söyləyiblər. Mantiya geyinməyənlərin məzun gecəsinə buraxılmadığı da bildirilib.
Məzunların çəkiliş zamanı da çətinliklərlə üzləşdiyi iddia olunub. Universitetin müəyyənləşdirdiyi qaydalara əsasən, çəkiliş üçün yalnız bir fotoqrafın dəvətinə icazə verildiyi qeyd edilib. Məzunların fotoqrafı özləri seçə bilmədiyi, fotoları isə həmin mütəxəssisin köməkçisinin çəkdiyi bildirilib.