QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, hər gün şorba yeməyin sağlamlıq üçün vacib olduğu barədə geniş yayılmış fikrin elmi əsası yoxdur. Qastroenteroloq və dietoloq Lyudmila Fedorçenkonun sözlərinə görə, şorba qidalanmada ayrıca məcburi kateqoriya deyil, yemək hazırlamaq üsullarından biridir; onun dəyəri istifadə olunan ərzaqlarla müəyyənləşir.
Tərəvəz və mərciməkli şorba lif, vitamin və minerallarla zəngin ola bilər. Ət, balıq və paxlalılar zülal, taxıl məhsulları isə karbohidrat verir. Tərkibindəki maye də gündəlik su ehtiyacının ödənməsinə yardım edir.
Fedorçenko bildirib ki, əsas yeməkdən əvvəl az kalorili şorba qəbul etmək toxluq hissini gücləndirərək gün ərzində alınan kaloriləri azaltmağa kömək edə bilər. Bununla belə, şorbaların hamısının arıqlatdığı nəticəsinə gəlmək olmaz.
Şorbanın sağlamlıq baxımından təsirini onun duruluğu deyil, tərkibi müəyyən edir. Həddindən artıq duz, hisə verilmiş ərzaqlar, yağlı ət və qaymaq yeməyin natrium, doymuş yağ və kalori miqdarını yüksəldə bilər. Həkim qeyd edib ki, böyük kasa şəffaf bulyon mədəni doldursa da, zülal və enerji ehtiyacını tam ödəməyə bilər.
Mütəxəssisin sözlərinə görə, müasir sağlam qidalanma tövsiyələri hər gün şorba içməyi tələb etmir. Həzm sistemi müxtəlif konsistensiyalı qidaları qəbul etməyə uyğunlaşıb və mədənin normal işləməsi üçün əvvəlcə duru yemək yemək şərt deyil. Həzm şirələrinin ifrazı və mədə-bağırsaq sisteminin fəaliyyəti sinir və hormonal mexanizmlərlə idarə olunur; şorbanın həzmi “işə salması” fikrinin fizioloji əsası yoxdur.
Kifayət qədər tərəvəz, meyvə, zülallı qida və tam taxıl məhsulları yeyən, maye balansını qoruyan insan şorbasız da sağlam qidalana bilər. Şorba yeməməyin qastrit yaratdığı iddiası da yanlışdır.
Fedorçenko xatırladıb ki, qastrit mədənin selikli qişasının iltihabıdır və müəyyən səbəblərlə bağlıdır. Ən yayğın səbəblərdən biri “Helicobacter pylori” bakteriyasıdır; xəstəlik autoimmun proseslər və bəzi dərmanların təsiri nəticəsində də yarana bilər. Şorba yeməmək qastritin səbəbləri arasında deyil, həmçinin özlüyündə xora, qəbizlik və başqa həzm problemlərinə yol açmır.
Həkim şorbadan imtina edənlərin bu yeməkdən aldıqları tərəvəz və mayeni başqa qidalarla əvəz etməli olduğunu vurğulayıb. Sağlam qidalanmada əsas şərt hər gün şorba içmək deyil, balanslı və müxtəlif rasion saxlamaqdır.