QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov şəkərli diabet xəstələrinin dərman və tibbi vasitələrlə təminat qaydalarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişiklik 2005-ci il 13 may tarixli qərara aiddir.

Yenilənmiş sənədlə xəstələrə il ərzində göstərilən tibbi yardımın həcmi, preparat və vasitələrin siyahısı, eləcə də onların miqdarı müəyyənləşdirilib.

Endokrinoloq müayinəsinin tezliyi xəstəliyin növündən asılı olaraq üç ayda bir və ya ayda bir dəfə olacaq. Diabet xəstələri ildə bir dəfə ümumi cərrahın müayinəsindən də keçəcəklər. Sənəddə “okulist” ifadəsi “oftalmoloq” sözü ilə əvəzlənib.

Həkim təyinatı və klinik göstərişlər nəzərə alınmaqla gündəlik insulin dozası 80 vahidi keçməyəcək. Pubertat dövründə olan uşaqlar üçün yuxarı hədd 100 vahid müəyyən edilib.

Şəkərsalıcı həblərdən gündə üçədək verilməsi nəzərdə tutulur. Kombinə edilmiş müalicə zamanı gündə iki həb olmaqla, il ərzində 730 həb təmin ediləcək. GLP-1 reseptor aqonistləri isə müvafiq ixtisaslaşmış dövlət tibb müəssisəsinin rəyi və həkim təyinatı olduqda veriləcək.

Qanda şəkəri ölçmək üçün test-striplərin verilmə tezliyi xəstəliyin növünə görə ayda bir və ya iki ayda bir qutu olacaq. Qlükometrlər üç ildən bir dəyişdiriləcək. Cihaz xarab olarsa, onu təqdim etmiş tibb müəssisəsi araşdırma apardıqdan sonra yenisi ilə əvəzləməlidir.

3-18 yaşlı uşaqlara istifadə etdikləri cihazın yaş icazəsi çərçivəsində davamlı qlükoza monitorinqi üçün ayda iki sensor ayrılacaq. Gündəlik insulin ehtiyacı aşağı olan 3-7 yaşlı uşaqlar həkim heyətinin qərarı ilə insulin pompası ala biləcəklər.

Dərman və tibbi vasitələrin əldə olunması qaydası da dəyişib. Ailə həkimi endokrinoloqun təyin etdiyi müalicə planına uyğun olaraq xəstəyə ayda bir dəfə elektron resept yazacaq. Sağlamlıq vəziyyəti dəyişdikdə və ya şikayət yarandıqda xəstə ixtisaslaşmış tibbi xidmət üçün endokrinoloqa göndəriləcək.

Preparatlar endokrinoloji mərkəzlərin aptek bölmələrindən, habelə TƏBİB-in müəyyən etdiyi siyahı əsasında dövlət tibb müəssisələrində yaradılan aptek məntəqələrindən veriləcək. Təminatın maliyyəsi icbari tibbi sığorta fondunun vəsaiti hesabına ödəniləcək.