QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehran tərəfindən açıqlanan yeddi şərt yerinə yetirilməyənədək ABŞ-la danışıqlara başlamaq üçün heç bir addım atılmayacağını deyib.

Qalibaf parlamentin açıq iclasında ABŞ ilə yaranmış gərginlik barədə danışıb. O, ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmilərin bəyanatlarını şərh edərək, İrana qarşı təhdidlərin və iqtisadi təzyiqlərin davam etməsini Vaşinqtonun Tehran qarşısında çarəsiz qalmasının əlaməti kimi qiymətləndirib.

Parlament sədri İranın ABŞ-la danışıqlara dair mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayıb: “Əvvəl də qeyd etdiyimiz kimi, İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq”.

Qalibaf ABŞ-nin mümkün hücumlarına cavab verməyə hazır olduqlarını da bildirib. Onun sözlərinə görə, “Düşmən hər hansı səhvə yol verərsə, müharibənin coğrafiyasını dəyişdirmək də daxil olmaqla, qətiyyətli cavab verməyə hazırıq”.