QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ölkəyə gələn dövlət başçıları ilə görüşlər keçirib.

Ərdoğan əvvəlcə İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparıb. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin bildirdiyinə görə, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq mövzuları müzakirə ediblər.

Türkiyə lideri İranla ABŞ arasında davam edən qarşıdurmanın mümkün qədər tez sona çatmasının və uzunmüddətli sülhə nail olunmasının önəmini qeyd edib. O, bölgədə sabitliyin təmin olunması naminə diplomatik səylərə şərait yaradılmalı olduğunu söyləyib.

Ərdoğan danışıqların yubadılmadan başlanmasının vacibliyini vurğulayıb və Ankaranın regionun dost və qardaş ölkələri ilə birgə sülhə xidmət edən təşəbbüslərini davam etdirəcəyini bildirib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və başqa yüksək vəzifəli şəxslər iştirak ediblər.

COP31 Liderlər Zirvəsi çərçivəsində Ərdoğan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antuan Çisekedi ilə də görüşüb. Bu danışıqlarda da Hakan Fidan, Ömər Çelik və İbrahim Kalın iştirak ediblər. Görüşün məzmunu barədə əlavə məlumat açıqlanmayıb.