QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Fransanın Credit Mutuel Arkea bankının sistemlərinə edilən kiberhücum nəticəsində təxminən 118 milyon avro başqa hesablara qanunsuz köçürülüb.

Hücum bankın xidmət aldığı şirkətlərdən birinin platformasından istifadə etməklə həyata keçirilib. Köçürülən vəsaitin daha sonra kriptovalyutaya çevrildiyi bildirilir.

Paris Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Hücumda iştirak edən şəxslərin kimliyi hələ müəyyənləşdirilməyib. Fransız mediasının məlumatına görə, zərərin məbləği 118 milyon avroya çatıb.

Credit Mutuel Arkea kiberhücumun nəzarətə götürüldüyünü açıqlayıb. Bank köçürülmüş pulun bir qisminin bloklandığını, müştərilərin hesablarına isə zərər dəymədiyini bildirib.

Oğurlanmış vəsaitin qalan hissəsinin qaytarılması üçün tədbirlər davam edir. Bank hücumun təfərrüatlarını və buna görə məsul şəxsləri müəyyənləşdirmək məqsədilə araşdırma aparıldığını qeyd edib.