QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun strukturu təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, institutda işçilər üçün 435 ştat vahidi müəyyən edilib. Qərarda əməkdaşların vəzifə maaşlarının məbləğləri də göstərilib.
İnstitut direktorunun aylıq vəzifə maaşı 6 000 manat, direktor müavininin və direktor müavini-baş mühəndisin maaşı isə 5 000 manat olacaq. Mərkəz müdirinə 4 200, şöbə müdirinə 4 000, mərkəz müdirinin müavininə 3 400, şöbə müdirinin müavininə 3 300 manat ödəniləcək.
Sahə rəisinin maaşı 2 900 manat, sektor müdiri və sektor müdiri-baş mühasibin maaşı 2 700 manat, direktor köməkçisinin maaşı 2 600 manat, elmi katibin maaşı 2 300 manat müəyyənləşdirilib. Baş məsləhətçi və baş elmi işçinin vəzifə maaşı 2 100 manat olacaq.
Baş aqronom və baş mexanik ayda 2 000 manat alacaq. Aparıcı məsləhətçi, aparıcı iqtisadçı və aparıcı elmi işçinin maaşı 1 800 manat, böyük mühəndis, böyük məsləhətçi və böyük elmi işçinin maaşı 1 600 manat, mühəndis, məsləhətçi, elmi işçi və texnoloq-analitikin maaşı isə 1 400 manat təşkil edəcək.
Kiçik elmi işçi və böyük laborant üçün 1 200 manat, anbar təsərrüfatının rəhbəri üçün 910 manat, anbardar üçün 890 manat nəzərdə tutulub. Laborant, kompüter operatoru və dispetçerin aylıq maaşı 700 manat, elektrik və sürücünün maaşı 600 manat olacaq.
Qazanxana operatoru, fəhlə, xadimə, bağban və gözətçi daxil olmaqla texniki işçilərin vəzifə maaşı 500 manat müəyyən edilib.
Qərara görə, maaşlara əlavələr, mükafatlar və başqa ödənişlər institutun xidmətlərindən əldə olunan gəlirlər hesabına veriləcək.