QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev işəgötürənlərin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına vəsait ayırmasının vacibliyini bildirib.
Nazir bu fikirləri Peşə Təhsili Forumu 2026 çərçivəsində təşkil olunan “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusundakı panel sessiyasında səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması üçün 2017-ci ildən etibarən ardıcıl tədbirlər görülür.
Anar Əliyev qeyd edib ki, görülən işlər nəticəsində əmək müqavilələrinin sayı təxminən 600 min artıb. Bu, 46-47 faizlik yüksəlişə uyğundur. Eyni dövrdə əməkhaqqı fondu üç dəfədən artıq böyüyüb.
Nazir minimum əməkhaqqının artırılmasının və dövlət sektorunda maaşların mütəmadi yüksəldilməsinin özəl sektorda rəqabətə təsir etdiyini, əməkhaqlarının artımını təşviq etdiyini vurğulayıb. Əmək müqavilələrinin çoxalması işçilərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün də yeni imkanlar yaradır. İşəgötürənlər əməkdaşlarını kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına yönəltməklə onların peşəkarlığını yüksəldə bilərlər.
Əliyev formal məşğulluğun genişlənməsinin işçilərin sosial hüquqlarının qorunmasına töhfə verdiyini də bildirib. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin ehtiyaclarına uyğun işçi qüvvəsinin müəyyənləşdirilməsi və hazırlanması üzrə xidmətlər göstərir.
Bu məqsədlə iri müəssisələrlə əməkdaşlıq aparılır, onların tələblərinə uyğun namizədlər seçilir və xüsusi peşə hazırlığı proqramları təklif olunur.