QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, iqtisadçı Bella Bəşirova hərəkətsiz bank hesablarında qalan vəsaitlərin qorunması, eləcə də bu məbləğlər barədə şəffaf məlumat açıqlanmasının vacibliyini bildirib.

Onun sözlərinə görə, əməkhaqqı kartları və elektron pul kisələri daxil olmaqla, uzun müddət istifadə edilməyən hesablardakı kiçik məbləğlər yalnız texniki məsələ sayılmamalıdır. Bu, maliyyə şəffaflığı və istehlakçı hüquqları ilə bağlıdır.

Bəşirova vurğulayıb ki, banklar kredit gecikmələrinə görə qəpik məbləğində belə faiz tələb etdiyi halda, müştərinin hesab qalığını xatırlatmaması və xidmət haqları ilə hesabı mənfi salması ədalət prinsipinə uyğun deyil. Məbləğin 5 və ya 500 manat olması vətəndaşın mülkiyyət hüququnu dəyişmir. Hərəkətsiz vəsaitlər bank gəliri kimi deyil, ayrıca qorunan uçot mexanizmində saxlanmalı, onların ümumi həcmi barədə rəsmi və açıq statistika verilməlidir.

İqtisadçı digər problem kimi istifadə olunmayan kartlara illik xidmət haqqı və SMS komissiyalarının tutulmasını göstərib. Bu ödənişlər müştərinin xəbəri olmadan borc yaranmasına səbəb ola bilər.

Onun fikrincə, belə kiçik texniki borclar avtomatik kredit bürosuna göndərilməməlidir. Əks halda, müştərinin kredit tarixçəsi zədələnə və gələcəkdə mənzil, avtomobil və ya biznes krediti alması çətinləşə bilər. Banklar bu məsələləri daxili hesablaşmalarla həll etməli, müştəriləri vaxtında məlumatlandırmalıdır.

Bəşirova problemin aradan qaldırılması üçün vahid rəqəmsal məlumatlandırma platformasının yaradılmasını təklif edib. Vətəndaşlar həmin platformada aktiv və hərəkətsiz hesablarını bir yerdə görə bilməlidirlər. Hərəkətsiz hesablardan əsassız xidmət haqlarının tutulması dayandırılmalı, vəfat edən şəxslərin bank hesabları və elektron pul kisələrindəki vəsaitlərin varislər tərəfindən tapılması və əldə olunması qaydaları sadələşdirilməlidir.

İqtisadçı vətəndaşlara ildə ən azı bir dəfə hesablarını və qanunvericiliklə nəzərdə tutulan ödənişsiz kredit hesabatlarını yoxlamağı tövsiyə edib. O qeyd edib ki, bankçılıq və rəqəmsallaşma insanların məlumatsızlığından gəlir götürmək yox, onların həyatını asanlaşdırmaq və hüquqlarını qorumaq məqsədi daşımalıdır. Bankda unudulan 10 manat da sahibinin puludur.