QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Niderlandın “Loop Biotech” şirkəti ənənəvi tabutlara alternativ olaraq təbiətə daha az zərər verən “Loop Living Cocoon” məhsulunu hazırlayıb.
Tabut göbələklərin torpağın altında yayılan nazik saplardan əmələ gələn miselyumdan hazırlanır. İstehsal prosesində təkrar emal olunmuş çətənə liflərindən də yararlanılır.
Şirkətin patentli texnologiyası ilə tabutun yetişdirilməsi yeddi gün davam edir. Uyğun şəraitdə torpağa basdırıldıqdan sonra məhsul təqribən 45 gün ərzində parçalanır və torpağa faydalı maddələr buraxır.
Təxminən 30 kiloqram ağırlığında olan tabut ənənəvi modellərlə müqayisədə daha yüngüldür. Daşımaq üçün altı cüt lifdən düzəldilən tutacaqları var və məhsul adi dəfn mərasimlərindəki daşınma qaydalarına uyğundur.
Tabut ənənəvi qəbiristanlıqlarda istifadə edilə bilər. Daxili hissəsi standart olaraq mamırla örtülür, lakin arzuya əsasən digər təbii materiallardan da yararlanmaq mümkündür. Şirkətin məlumatına görə, istehsalda kimyəvi maddələr, yapışdırıcılar və metaldan istifadə olunmur.
“Loop Living Cocoon”un satış qiyməti 3995 dollardır. Məhsulun bir ölçüsü mövcuddur və böyüklərin təxminən 95 faizinə uyğun olduğu bildirilir. Tabut 200 kiloqrama qədər yük daşıya bilir.