QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Ferrari”nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə eyni statusda olmasından narazıdır və qərarların verilməsində özünə üstünlük tanınmasını istəyir.

İtaliyanın “Autoracer” nəşrinin yazdığına görə, “Ferrari” rəhbərliyi pilotlar arasındakı bərabər münasibəti dəyişdirmək niyyətində deyil. Komandanın rəhbəri Frederik Vassyör həm Hemiltona, həm də Leklerə eyni yanaşmanın tərəfdarıdır.

Yeddiqat dünya çempionu bu mövqeyi qəbul etmir. Hemilton mövsümün əvvəlindən şəxsi sıralamada Lekleri üstələdiyini və bunun komanda qərarlarında daha çox söz sahibi olması üçün əsas yaratdığını düşünür.

Britaniyalı pilotun Leklerin komanda yoldaşlarına qarşı aqressiv davrandığı barədə söylədikləri gərginliyi artırıb. Nəşrin məlumatına əsasən, bu məsələyə Vassyör müdaxilə etməli olub.

“Ferrari”nin prezidenti Con Elkann və komandanın digər rəhbərləri də Hemiltonun komanda yoldaşı haqqında ictimaiyyət qarşısında danışmasından narazılıq ifadə ediblər. Rəhbərliyi xüsusilə belə açıqlamaların komandanın nüfuzuna mümkün təsiri narahat edir.

Vassyörün mövqeyi isə dəyişməz olaraq qalır: öncə “Ferrari”nin maraqları, ardınca pilotların şəxsi istəkləri. Nəşr hesab edir ki, Hemilton Leklerlə mübahisəni ictimai müstəvidə davam etdirsə, bu, onun komandadakı mövqeyinə mənfi təsir göstərə bilər.