QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi qanun dəyişikliklərini təsdiqləyib. Dəyişikliklər “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara aiddir.

Yeni qaydalara əsasən, Azərbaycanda borc tələbinin qiymətli kağızlara yönəldilməsi mümkün olacaq. “İcra haqqında” qanuna bu məqsədlə “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı 46-1-ci maddə əlavə edilib.

Maddə tələbin borclunun özündə aşkarlanan sənədli qiymətli kağıza, onun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, eləcə də mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi qaydasını müəyyənləşdirir.

Borclunun qiymətli kağızları barədə məlumatların sorğulanması, onlara həbs qoyulması və tələbin həmin aktivlərə yönəldilməsi üzrə tədbirlər “Elektron icra” informasiya sistemi ilə həyata keçiriləcək. Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğunlaşdırıcı xarakterli dəyişikliklər də nəzərdə tutulub.