QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin 4 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Zaur İlham oğlu Abişev Dövlət Ehtiyatları Agentliyinin sədr müavini təyin edilib.

1984-cü il yanvarın 4-də Bakıda doğulan Abişev ailəlidir və iki övladı var. O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası ilə ABŞ-nin Corciya Ştat Universitetinin birgə proqramında biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi üzrə magistr dərəcəsi alıb. 2014-cü ildə isə ABŞ-nin Alaska ştatının İctimai Mühasiblər Heyəti ona Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi verib.

Abişev əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007–2018-ci illərdə “Ernst & Young” şirkətində baş menecer, 2018–2022-ci illərdə “MKT İK” MMC-də baş maliyyə direktoru vəzifəsində çalışıb.

Prezidentin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilmişdi. Son qərarla Agentliyin sədr müavini vəzifəsinə gətirilib.