QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşüb.

Koşta Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafından məmnun qaldığını bildirib və ölkəmizə səfərini xatırladıb. O, dialoq və əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.

Dövlət başçısı da Koştanın Azərbaycana səfərini yada salaraq, bunun ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatına və təhlükəsizliyinə etibarlı tərəfdaş kimi verdiyi töhfədən danışıb. Prezident bildirib ki, hazırda Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.

Qaz təchizatında əməkdaşlığın uğurla davam etməsi üçün uzunmüddətli enerji müqavilələri və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığı da müzakirə ediblər. Bu kontekstdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın bərpaolunan enerjini Avropa bazarına ixrac etmək barədə əldə etdiyi razılaşma qeyd olunub.

Görüşdə Avropa İttifaqının Naxçıvan dəmir yolu layihəsi ilə bağlı qiymətləndirməni yaxın vaxtlarda başa çatdıracağı bildirilib. Orta Dəhlizin əhəmiyyəti, nəqliyyatın və bağlantıların inkişafı barədə də fikir mübadiləsi aparılıb.