QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, dünya bazarında qızılın son vaxtlar ucuzlaşması investorların diqqətini çəkib. Uzun müddət bahalaşan qiymətli metalın dəyər itirməsi bu prosesin davam edib-etməyəcəyi ilə bağlı suallar yaradıb.
İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, qiymət enişinə bir neçə iqtisadi amil təsir göstərir. O, dolların möhkəmlənməsini, ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntiləri və investorların əvvəlki bahalaşmadan sonra qazancını reallaşdırmasını əsas səbəblər sırasında göstərib. Ekspert bildirib ki, qızılın sürətli bahalaşmasından sonra bazarda korreksiyanın baş verməsi təbiidir.
Hüseynova hazırkı ucuzlaşmanın uzunmüddətli eniş mərhələsinin başlanğıcı kimi qəbul edilməsini düzgün saymır. Onun qiymətləndirməsinə görə, ilin sonuna qədər qiymətlər dəyişkən qala, müəyyən müddət aşağı düşə də bilər.
Ekspert vurğulayıb ki, geosiyasi gərginliklər, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik və mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətləri dəstəkləyir. Beynəlxalq iqtisadi və siyasi hadisələrin də qızılın sonrakı qiymət dinamikasına ciddi təsir göstərə biləcəyini qeyd edib.
Hüseynovanın fikrincə, indiki ucuzlaşma daha çox bazar korreksiyasıdır və sonrakı dövrdə qiymətlərin yenidən yüksəlməsi ehtimalı qalır. Bununla belə, ilin sonunadək dalğalanmaların davam etməsi mümkündür; qızılın uzunmüddətli ucuzlaşmaya keçəcəyi isə qəti deyil və qlobal iqtisadi şəraitdən asılı olacaq.