QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, kredit götürərkən sabit və dəyişən faiz dərəcələri arasındakı fərqi, eləcə də müqavilənin şərtlərini nəzərə almaq vacibdir. Sabit faiz kredit müddətində dəyişməz qalır, dəyişən faiz isə iqtisadi şəraitdən asılı olaraq yenilənə bilər. Bu modellər həm borcalan, həm də bank üçün risklər yarada bilər.

Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, sabit faizli kreditdə müqavilə imzalanan zaman faiz dərəcəsi və digər şərtlər əvvəlcədən müəyyən olunur. Borcalan aylıq ödənişlərinin həcmini əvvəlcədən görə bilir, ödəniş cədvəli də həmin faiz əsasında tərtib edilir.

Kərimovun sözlərinə görə, müqavilədə göstərilən faiz kredit dövrü boyunca dəyişməsə də, hesablanan faiz məbləği azala bilər. Məsələn, illik faiz dərəcəsi 30 faiz müəyyən edildikdə, əsas borcun aylıq ödənişlərlə azalması qalıq məbləği aşağı salır. Buna görə qalıq borca hesablanan faiz də tədricən azalır. Bu, faiz dərəcəsinin dəyişməsi demək deyil.

Ekspert qeyd edib ki, faktiki illik faiz dərəcəsi nominal faizdən fərqlənə bilər. Onun hesablanmasında kredit üzrə faiz ödənişləri ilə yanaşı, rəsmiləşdirmə komissiyaları və başqa xərclər də nəzərə alınır. Beləliklə, müqavilədə 30 faiz göstərilsə belə, ödəniş qrafiki və əlavə xərclər faktiki illik göstəricini dəyişə bilər.

Kərimov vurğulayıb ki, sabit və dəyişən faiz anlayışlarını faktiki illik faiz dərəcəsi ilə eyniləşdirmək düzgün deyil. Bu modellərin əsas fərqi kredit müddətində tətbiq edilən faiz dərəcəsinin dəyişib-dəyişməməsidir.