QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycanı Almaniya və Avropa ölkələri üçün enerji resurslarının, xüsusilə neftin əsas etibarlı təchizatçılarından biri kimi xarakterizə edib.
Nazirin sözlərinə görə, Azərbaycanın rolu ikitərəfli əlaqələrlə məhdudlaşmır. Cənubi Qafqaz Avropa ölkələrinin böyük miqdarda xammal və digər mühüm resurslar əldə etdiyi Mərkəzi Asiyaya çıxışda əlaqələndirici mövqedədir.
Vadeful bildirib ki, Rusiya tədarükündən asılılığın azaldılmasının vacib olduğu indiki dövrdə etibarlı təchizatçıların mövcudluğu xüsusi əhəmiyyət daşıyır və Azərbaycan belə ölkələr sırasındadır. Onun fikrincə, əməkdaşlığın gələcəkdə davamlı olması və genişlənməsi həm Almaniya iqtisadiyyatının, həm də münasib qiymətli enerjiyə ehtiyacı olan istehlakçıların maraqlarına uyğundur.
Almaniyanın Azərbaycana səfəri zamanı enerji tədarükünü artırmaq imkanları barədə konkret müzakirələrin aparılıb-aparılmadığı ilə bağlı suala nazir müsbət cavab verib. O qeyd edib ki, müvafiq razılaşmalar artıq əldə edilib və onların həyata keçirilməsinə gələn il başlanacaq.
XİN rəhbərinin sözlərinə görə, əməkdaşlığın davamı və genişləndirilməsi üçün siyasi zəminin yaradılması onun üzərinə düşür, qalan məsələləri isə özəl şirkətlər razılaşdıracaq. Almaniya bu prosesə dəstək verir.
Vadeful qlobal qeyri-müəyyənlik fonunda Avropanın ticarət və enerji sahələrində etibarlı tərəfdaşlara ehtiyac duyduğunu vurğulayaraq, Cənubi Qafqazı belə tərəfdaşların olduğu regionlardan biri hesab etdiyini deyib.