QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ötən ilin sonunda Oğuz rayonundakı otellərdə çalışanların sayı 15 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 9 nəfər azdır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, otel işçilərinin ötən il aldığı əməkhaqqının ümumi məbləği 56,6 min manat təşkil edib. Beləliklə, bir işçinin orta illik maaşı 3 773 manat, aylıq gəliri isə 314 manat olub. Mənbədə qeyd edilir ki, ölkədə minimum əməkhaqqı ötən ilin yanvarından 400 manat müəyyənləşdirilib.

İqtisadçı ekspert Natiq Cəfərli Oğuzda “Panarama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restoran”, “Korifey Hotel” və “Qaynama Ailəvi İstirahət Mərkəzi”nin fəaliyyət göstərdiyini bildirib.

Cəfərlinin sözlərinə görə, Oğuzun təbiəti, sakinləri və tarixi abidələri turizm baxımından potensial yaratsa da, sahənin hazırkı vəziyyəti fərqlidir. O, Gürcüstanla sərhəd açıq olduğu halda Qax, Şəki, Oğuz və Qəbələ istiqamətinə minlərlə turist cəlb etməyin mümkünlüyünü vurğulayıb.

Ekspert turizmin inkişafında məkanın hekayəsinin təqdimatının əhəmiyyətini qeyd edib. Onun fikrincə, Oğuzdakı çoxsaylı abidələrin tanıdılması üçün kreativ yanaşma, iqtisadi azadlıqlar və bu sahədə çalışmaq istəyənlərə dəstək lazımdır. Cəfərli rayondakı qədim kilsənin də düzgün təqdimatla turist cəlb edə biləcəyini, lakin hazırda onun üzərində ağac bitdiyini deyib.