QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Gününün onun üçün xüsusi məna daşıdığını bildirib. Onun sözlərinə görə, bu qələbədə atasının da payı var.

Elvin Mirzəyev zəfərə aparan yolda Aprel və Tovuz döyüşlərinin əhəmiyyətini vurğulayıb. Atasının hər iki döyüşdə iştirak etdiyini, Tovuz döyüşlərində isə böyük şücaət göstərərək əsgərlərinin yanında şəhid olduğunu deyib. Atasını itirməyin onun üçün ağır olduğunu söyləyən Mirzəyev qazanılan zəfərin qürurverici hadisə olduğunu qeyd edib.

O bildirib ki, atasının ən böyük arzusu övladlarının ali təhsilli, tərbiyəli, vətənini və dövlətini sevən insanlar kimi yetişməsi idi. Elvin Mirzəyev ailəsinin bu arzunu gerçəkləşdirdiyinə inandığını, atasının onlarla qürur duyduğunu düşündüyünü deyib. Onun sözlərinə görə, ailəsi Ali Baş Komandanın qayğısını görür, dövlətin dəstəyini hiss edir.

Mirzəyev atasının xalqın yaddaşında igid zabit və şərəfli döyüşçü kimi qaldığını, eyni zamanda qayğıkeş ata və ailə başçısı olduğunu söyləyib. Atasının gülüşünü, baxışını və səsini unutmadığını deyən Elvin Mirzəyev onun ailəsinə və əsgərlərinə sevgi ilə yanaşdığını vurğulayıb.

Milli Qəhrəmanın oğlu atası ilə son danışığını da yada salıb. Həmin söhbətdə İlqar Mirzəyev gülərək hər şeyin qaydasında olduğunu, narahat olmamalarını və ürəklərini buz kimi saxlamalarını deyib. Elvin Mirzəyevin sözlərinə görə, atası bu döyüşü uzun müddət gözləyib.

Elvin Mirzəyev Milli Qəhrəmanın övladı olmağı şərəfli missiya saydığını bildirib. Atasının adını layiqincə daşımağın onun borcu olduğunu deyən Mirzəyev dost və iş seçərkən daha diqqətli olmağa çalışdığını qeyd edib.

O, zəfərdən sonra işğaldan azad edilmiş ərazilərin demək olar ki, hamısına səfər etdiyini söyləyib: “Azad edilmiş ərazilərdə gəzəndə hər addımımı ehtiyatla atıram, çünki orada şəhidlərimizin ruhu yatır”. Mirzəyev şəhidlərin qanının yerdə qalmadığını, qazilərin əziyyətinin boşa getmədiyini vurğulayıb və zəfərdə əməyi olan hər kəsin zəhmətinin danılmaz olduğunu deyib.

Elvin Mirzəyev gələcək nəsillərin atasını böyük şəxsiyyət və peşəkar hərbçi kimi tanımasını arzuladığını bildirib. Onun sözlərinə görə, İlqar Mirzəyevin uğrunda döyüşdüyü torpaqlara səfər edənlər bu ərazilərin kimlərin fədakarlığı sayəsində qazanıldığını anlamalıdırlar.