QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İmişli-Kürdəmir avtomobil yolunun Ağaməmmədli kəndindən keçən hissəsində yol qəzası baş verib.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaşların olduğu bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə göndərilib. Əraziyə baxış zamanı “DAF” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobilinin iştirakı ilə qəza baş verdiyi müəyyənləşib.
Xilasedicilər “KİA”dan həlak olan sürücünün və sərnişinin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ölənlərdən sürücü kişi, sərnişin isə qadın olub.
Hadisənin təfərrüatları aidiyyəti qurumlar tərəfindən araşdırılır.