QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyevə məxsus hotel hərracda alıcı tapmayıb.
Vaqif prospekti 11a ünvanındakı altımərtəbəli obyekt icra məmurlarının sifarişi ilə satışa çıxarılıb. Sahəsi 0,06076 hektar olan və 50 otağı bulunan bina hazırda “GreenPark” adı ilə hotel kimi işləyir. Nəzərdə tutulan hərrac keçirilməyib.
Obyektin ilkin bazar dəyəri 6 milyon 543 min 400 manat müəyyənləşdirilib. Baş tutmayan hərracda satış qiyməti 5 milyon 561 min 890 manat olub. Növbəti hərrac noyabrın 22-də keçiriləcək və hotel bu dəfə 4 milyon 253 min 210 manata təklif ediləcək.
Bir neçə il öncə Rafiq Əliyevlə Nəsimi Rayon İcra Hakimiyyəti arasında tikinti məsələsinə görə mübahisə yaranıb. Əliyev “İrşad” hotelinin yaxınlığında, təxminən bir sot ərazidə tikinti aparılmasına maneə törədildiyini iddia edib. O, tikinti icazəsi üçün icra hakimiyyətinin ondan 300 min manat rüşvət istədiyini də bildirib. Sonradan tikintiyə icazə verildiyini açıqlayıb.
“İrşad” hotelinin fəaliyyəti ilə bağlı Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih də iddialar səsləndirib. Onun sözlərinə görə, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edib, elmi rəhbəri Rafiq Əliyev olub. Həmin dövrdə Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikilməsi barədə razılığa gəldiklərini deyib.
Salih bildirib ki, hotel fəaliyyətə başlayandan sonra iki il ərzində gəlirdən ona pay verilib. Onun iddiasına görə, Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduqdan sonra aralarındakı əlaqə kəsilib və ödənişlər dayandırılıb.