QafqazNews Manset.az-a istinadən xəbər verir ki, IDEA İctimai Birliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə COP31 çərçivəsində şəhərsalma və iqlim fəaliyyəti mövzusunda tədbir keçirilib. “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” adlı görüş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində baş tutub.

Tədbirin əvvəlində IDEA-nın şəhərlərdə təmiz havanın əhəmiyyətindən bəhs edən qısametrajlı sənədli filmi nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva hava çirklənməsinin insan sağlamlığına vurduğu təsirlərdən danışıb. O, sağlam və dayanıqlı şəhərlər qurularkən ekoloji amillərin nəzərə alınmasının önəmini qeyd edib.

Leyla Əliyeva Azərbaycanın dayanıqlı şəhərsalma sahəsindəki təcrübəsinə, yaşıllıqların artırılması və ekoloji təmiz nəqliyyatın təşviqi üçün görülən işlərə də toxunub. IDEA-nın “Bizim həyət” layihəsi, ağacəkmə aksiyaları və şəhərlərin yaşıllaşdırılmasına xidmət edən başqa təşəbbüslərin rolunu vurğulayıb.

COP29-un Prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev havanın keyfiyyətinin yaxşılaşdırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizənin əlaqəli olduğunu bildirib. Şəhərlərdə zərərli tullantıların azaldılması, dayanıqlı nəqliyyatın inkişaf etdirilməsi və təmiz texnologiyaların tətbiqi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Rəsmi hissədə BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali çıxış edib. O, havanın keyfiyyətini izləmək, atmosferə atılan zərərli tullantıları azaltmaq, şəhərlərin ekoloji idarəetməsini təkmilləşdirmək və beynəlxalq təcrübədən yararlanmaq məsələlərinə diqqət çəkib.

Ardınca Böyük Britaniyanın Lordlar Palatasının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patricia Scotlandın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Kopenhagen Universitetinin nümayəndəsi, iqlim və sağlamlıq üzrə ekspert Robb Butler, Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Nazirliyi yanında İqlim Dəyişmələri üzrə Milli Mərkəzin direktor müavini Timur Sabitov və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hava keyfiyyətinin tənzimlənməsi və idarə olunması üzrə hüquq mütəxəssisi Renee Gift iştirak ediblər.

Panel iştirakçıları hava çirklənməsinin qarşısının alınması, təmiz nəqliyyat sistemlərinin inkişafı, yaşıl infrastrukturun şəhərsalma prosesinə daxil edilməsi və iqlim tədbirlərinin insan sağlamlığına müsbət təsirlərini müzakirə ediblər.

Görüşdə daha keyfiyyətli hava və sağlam şəhər mühiti üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi, eləcə də iqlim siyasəti ilə ictimai sağlamlıq tədbirlərinin uzlaşdırılmasının əhəmiyyəti vurğulanıb.