QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Tam Store” mağazalar şəbəkəsində məhsulların rəfdə göstərilən qiymətdən baha satılması ilə bağlı inzibati xəta protokolu tərtib edib. Son dövrlərdə müxtəlif marketlərdə bu cür hallarla tez-tez rastlaşılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, rəfdəki qiymətlə kassada tələb olunan məbləğin fərqlənməsi Azərbaycanda təxminən 8 ildir geniş yayılıb. Onun sözlərinə görə, problem, demək olar, bütün müasir supermarketlərdə müşahidə olunur.

Hüseynov qeyd edib ki, satış texnologiyalarının inkişafı istehlakçıların aldadılması hallarının da artmasına səbəb ola bilir. Birliyə bu məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olur və pozuntular müxtəlif formalarda üzə çıxır.

O bildirib ki, bəzi mağazalarda meyvə-tərəvəzin və başqa məhsulların qiyməti üzərinə işçilər tərəfindən əl ilə yazılır. Birliyə daxil olan şikayətlərdən birində vətəndaşın 86 qəpiklik badımcan aldığı, lakin kassada ona 26 manatlıq ekzotik meyvənin qiymətinin hesablandığı bildirilib.

Hüseynov özü də belə hallarla üzləşdiyini deyib. Şəhər mərkəzində, Nizami küçəsindəki bir marketdə il ərzində təxminən 100 manatlıq yanlış hesablamaya və ya artıq ödəniş tələbinə rast gəldiyini söyləyib. Onun sözlərinə görə, qabıqlı qoz aldığı halda kassada qoz ləpəsinin qiyməti hesablanıb.

Birlik sədrinin diqqətə çatdırdığı digər problem müştərinin almadığı məhsulların dəyərinin çekə daxil edilməsidir. Birliyə göndərilən şikayətləri ümumiləşdirən Hüseynov istehlakçıların bir il ərzində almadıqları mallara görə ümumilikdə 500 milyon manat ödədikləri qənaətinə gəldiklərini bildirib.

Hüseynov alış-verişdən sonra kassa çekinin yoxlanmasını tövsiyə edib. Məhsulun kassada rəf qiymətindən baha hesablandığı aşkar edilərsə, müştəri satış zalına qayıdıb məhsulun və qiymət etiketinin şəklini çəkə, sonra məsələni mağaza əməkdaşlarına bildirə bilər.

Onun sözlərinə görə, daxil olan şikayətlərdə mağaza əməkdaşlarının belə vəziyyətlərdə qiyməti dərhal dəyişərək məhsulu daha ucuz satdığı hallar qeyd olunur. Əməkdaşlar bunu qiymət məlumatının vaxtında yenilənməməsi ilə izah edirlər. Hüseynov ilkin və düzəliş edilmiş çeklərin şəkillərini saxlamağı, həmçinin Agentliyə məlumat verməyi məsləhət görüb. Bu, qurumun mağazada monitorinq keçirməsinə imkan yarada bilər.

Birlik sədri mağaza sahiblərinin də belə pozuntuların baş verməsində maraqlı olmaya biləcəyini düşünür. Onun fikrincə, bəzi hallarda insan amili və qiymətlərin vaxtında dəyişdirilməməsi rol oynayır. Bununla belə, qiymət fərqinin, demək olar ki, həmişə alıcının zərərinə olduğunu vurğulayıb: rəfdə aşağı məbləğ göstərilsə də, kassada daha çox pul tələb olunur.

Hüseynov problemin uzun müddət davam etməsinin insanlarda bunun qəsdən edildiyi fikrini yarada biləcəyini qeyd edib. O, market sahiblərinin bu halları bilərəkdən törətdiyinə inanmaq istəmədiyini, amma mövcud vəziyyətin narahatlıq yaratdığını söyləyib.

Problemin həlli üçün elektron qiymət lövhələrindən istifadəni dəfələrlə təklif etdiyini bildirən Hüseynov, market sahibləri ilə telefon söhbətlərində bu sistemlərin də gözlənilən nəticəni vermədiyi və orada da səhvlərin baş verdiyi cavabını aldığını deyib.

İstehlakçıların üzləşdiyi başqa bir məsələ endirim etiketləri ilə bağlıdır. Məhsulun üzərindəki sarı etiket endirimi göstərdiyindən alıcı əvvəlki və yeni qiyməti müqayisə edib alış qərarı verir. Lakin kassada daha yüksək məbləğ tələb oluna bilər. Mağaza əməkdaşları isə qiymətin hələ dəyişdirilmədiyini və etiketlərin vaxtında yenilənmədiyini bildirirlər.

Hüseynovun fikrincə, istehlakçılar daha fəal davranaraq rastlaşdıqları pozuntuları qeydə alsalar və aidiyyəti dövlət qurumlarına müraciət etsələr, bu halların qarşısını almaq mümkündür.

O, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlakçılarla əlaqə imkanlarını məhdud hesab edir. Hüseynov bildirib ki, qurumla əlaqə üçün əsasən telefon vasitəsi mövcuddur, elektron poçt və digər müraciət kanallarına çıxış isə kifayət qədər rahat deyil. İstehlakçıların şikayətlərini asanlıqla çatdırması üçün müraciət imkanlarının sadələşdirilməsini, xüsusən “WhatsApp” kanalı yaradılmasını təklif edib.