QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ən son məlumatları əsasında hazırlanan reytinqdə işsizlik səviyyəsinin ən aşağı olduğu ölkə Qətərdir. Burada hər 100 min nəfərə 130 işsiz düşür ki, bu da 0,13 faiz deməkdir.
Siyahıda ikinci yerdə Kamboca qərarlaşıb. Ölkədə hər 100 min nəfərə 260 işsiz, başqa sözlə, 0,26 faiz göstərici qeydə alınıb. Üçüncü sıradakı Nigerdə bu rəqəm 390 nəfər və ya 0,39 faizdir.
İlk onluğa Tailand 0,80 faizlə, Burundi 0,90 faizlə, Çad və Bəhreyn 1,10 faizlə, Laos 1,20 faizlə, Beliz 2,60 faizlə, Çexiya isə 2,80 faizlə daxil olub.
Azərbaycan 103 ölkənin yer aldığı reytinqdə 49-cu mövqedədir. Mərkəzi Bankın və Dövlət Statistika Komitəsinin 2026-cı il məlumatlarına əsasən, ölkədə hər 100 min nəfərə 5 200–5 300 işsiz düşür; bu, 5,2–5,3 faizə bərabərdir.
Azərbaycanın göstəricisi Gürcüstanın 13,9 və Ermənistanın 12,8 faizlik səviyyəsindən aşağıdır. Bununla yanaşı, Qazaxıstanda işsizlik 4,6 faiz olduğundan, bu ölkə Azərbaycandan daha yaxşı nəticə göstərir.
Məlumatda bildirilir ki, Qətər və Avropa ölkələri istisna olmaqla, siyahıdakı bir sıra Asiya və Afrika dövlətlərində aşağı göstərici inkişaf səviyyəsi ilə bağlı deyil. Niger, Kamboca və Laos kimi ölkələrdə rəsmi statistikada əks olunmayan məşğulluğun, o cümlədən kənd təsərrüfatında çalışanların çoxluğu buna səbəb kimi göstərilir.