QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün yeni tariflər təsdiqlənib. Bununla bağlı qurumun Kollegiyası qərar qəbul edib.

Sənəddə internet, “Tetra” xüsusi radiorabitə sistemi, xüsusi rabitə və “AzStateNet” fiber-optik şəbəkəsindən istifadə xidmətlərinin qiymətləri, eləcə də qeyri-büdcə təşkilatlarının korrespondensiyalarının çatdırılması tarifləri müəyyən olunub.

İnternetdə kanalın tutumuna görə hər 1 Mb/s üçün aylıq ödəniş 10 manatdan 16 manatadək dəyişir. “Tetra” xüsusi radiorabitə sisteminə qoşulmaq 80 manat təşkil edir.

“AzStateNet” şəbəkəsində Ethernet portun aylıq tarifi 100 Mb/s sürət üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10 000 Mb/s üçün isə 2 000 manat müəyyənləşdirilib.

Göstərilən məbləğlərə ƏDV daxil deyil. Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında yayımlandığı tarixdən qüvvəyə minəcək.