QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində təşkil olunan “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə baxıblar.
“PASHA Property Management”in təşkil etdiyi tədbirdə 47-si yerli, 14-ü xarici olmaqla, ümumilikdə 61 şirkət iştirak edir.
2026-cı ilin Prezidentin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda keçirilən sərgi daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına göstərilən dövlət diqqətini əks etdirir. Platformada mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və əmlaka sərmayə qoymaq istəyənlər, investorlar, şirkət nümayəndələri və sahə mütəxəssisləri bir araya gəlir. Tədbir iştirakçıların dialoq qurması, təcrübə bölüşməsi və əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi üçün şərait yaradır.
Dövlət başçısı və ailə üzvləri “PMD Group”un ekspozisiyasına da baxıblar. 2013-cü ildən daşınmaz əmlaka investisiya, layihələrin inkişafı və idarə olunması sahəsində çalışan şirkət yaşayış, kommersiya və ictimai-sosial təyinatlı obyektlər üzərində işləyir. Onun xidmətləri konsepsiyanın hazırlanmasından tikinti və idarəetməyədək uzanan dörd istiqaməti əhatə edir: tikinti və layihə idarəçiliyi, memarlıq və dizayn, əmlakın idarəsi, satışı və icarəsi, eləcə də logistika və anbar xidmətləri.
“PMD Group” və tərkibindəki şirkətlər paytaxtdakı Zəfər parkını inşa edib. Bakı və Abşeronla yanaşı, işğaldan azad edilmiş rayonlarda da layihələr həyata keçirilib və həmin işlər davam etdirilir.
“PASHA Holding”ə daxil olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlaka sərmayə, layihələrin inkişafı və əmlak aktivlərinin idarə olunması ilə məşğuldur. Qrup Azərbaycandan başqa Türkiyə, ABŞ, Monteneqro, Gürcüstan və Özbəkistanda beynəlxalq brendlərlə əməkdaşlıq edərək layihələr icra edir. Şirkətin işi layihələrin inkişafı, hotel, yaşayış və ticarət obyektlərinin idarə edilməsi, həmçinin beynəlxalq hotel markaları ilə tərəfdaşlığı əhatə edir. Qrup beynəlxalq standartlara uyğun layihələri ilə Bakının müasir memarlıq görünüşünün formalaşmasına töhfə verir və tanınmış xarici memarlıq şirkətləri ilə çalışır.
“Sea Breeze” stendində görülən işlər və gələcək layihələr təqdim olunub. Hazırda 1000 hektardan artıq ərazini əhatə edən kompleksin sahəsinin gələcəkdə 1850 hektara çatdırılması planlaşdırılır. Burada 50-dən çox layihə tamamlanıb və ya icra edilir. Sakinlərin sayı 60 mini keçib, layihə başa çatdıqda isə 500 min nəfərin burada yaşaması nəzərdə tutulur.
Ərazidəki böyük layihələrdən biri 200 hektardan çox sahəsi olan “Fire Island”dır. Burada beynəlxalq standartlara cavab verən müasir infrastruktur qurulması, o cümlədən təxminən 5,5 kilometr uzunluğunda və 18 döngəli Formula 1 trekinin salınması planlaşdırılır.
“Sea Breeze”in əsas layihəsi süni yarımadada yaradılan “Caspian Dream Liner” apart-hoteldir. Təxminən 50 hektarlıq “Aypara” layihəsində beşulduzlu hotellər, brend mağazaların yerləşəcəyi ticarət küçələri, çoxməqsədli arena və 323 metr hündürlüyündə qüllə nəzərdə tutulur. Layihənin məqsədi “Sea Breeze”i beynəlxalq səviyyəli müasir şəhər kimi inkişaf etdirmək, xarici investisiya cəlb etmək, iş yerləri yaratmaq və turizm, eləcə də iqtisadi potensialın artmasına dəstək verməkdir.
Sərgidə 15 ilə yaxın təcrübəsi olan “Baku City Residences”in fəaliyyəti barədə də məlumat verilib. Şirkət yaşayış və kommersiya daşınmaz əmlakının tikintisi və satışı ilə məşğuldur. Layihələrdə müasir memarlıq, əlverişli mövqe və geniş infrastruktur birləşdirilir; işlərdə keyfiyyət, dizayn və şəhər həyatının müasir tələbləri əsas götürülür. Şirkət indiyədək bir sıra layihələr həyata keçirib, gələcəkdə isə “Bakı Ağ Şəhər”in sahilyanı məhəlləsində “Baku Bay” layihəsinin inşası planlaşdırılır.
Prezident və ailə üzvləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) stendi ilə də tanış olublar. Agentlik vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Əsas fəaliyyət istiqaməti aztəminatlı və ortagəlirli ailələr üçün əlçatan, ekoloji təmiz və enerjiyə qənaət edən yaşayış kompleksləri tikməkdir.
MİDA indiyədək ölkə üzrə 20 layihə həyata keçirib: 7-si Bakıda, 3-ü Qarabağda, qalan 10-u Gəncə, Abşeron, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Naxçıvan, Şəmkir və Salyandadır. Yaşayış binaları ilə yanaşı, layihələrə məktəblər, uşaq bağçaları və tibb mərkəzi də daxildir. Güzəştli mənzillərlə bağlı Bakıda 5, regionlarda isə 6 layihə tamamlanıb. Hazırda paytaxtı və bölgələri əhatə edən 6 layihədən 3-nün icrasına başlanıb, digər 3 yaşayış kompleksi layihələndirilir.
“Fortis Development”in stendində şirkətin yaşayış və kommersiya obyektlərinin tikintisi, tarixi-memarlıq abidələrinin bərpası, fasadların yenilənməsi və ictimai ərazilərin abadlaşdırılması sahəsindəki fəaliyyəti təqdim olunub. On ildən artıq təcrübəsi olan şirkət paytaxtdakı Şəhriyar və Səadət parklarının, Balaxanı qəsəbəsinin abadlaşdırılmasında, Mərdəkandakı Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin təmirində iştirak edib. COP29 ərəfəsində Bakıda 40-dan çox binanın bərpası da şirkətin işləri sırasındadır. Mədəni irslə bağlı layihələr də həyata keçirilib.
Memarlıq, şəhər planlaşdırılması və interyer dizaynı üzrə çalışan “Chapman Taylor” 1959-cu ildə Londonda yaradılıb. Şirkət 100-dən artıq ölkədə layihələr icra edib və 300-dən çox memarlıq mükafatı qazanıb. Azərbaycanda Şuşa, Cəbrayıl, Xankəndi və Naxçıvan şəhərlərinin baş planlarını hazırlayıb, həmçinin Bakı, Gəncə, Ağdam, Füzuli və Qusarda yaşayış və ictimai binalar layihələndirib. Şuşa, Cəbrayıl, Xankəndi, Füzuli və Ağdamda yaşayış məhəllələrinin qurulması, mövcud binaların fasadlarının yenilənməsi və digər sosial layihələrdə iştirak edib; bəzi işlər hazırda davam edir.
Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding” şirkəti sərgidə geniş ekspozisiya ilə təmsil olunur. İnnovasiya sahəsində ixtisaslaşan qurum istehsal proseslərinin rəqəmsallaşdırılması və müasir standartların tətbiqi üzrə proqramlar həyata keçirir. Təkliflərinə məsləhət və maliyyələşdirmə xidmətləri, yerli məzmunun inkişafına dəstək, sənaye infrastrukturu və hazır istehsal sahələri daxildir. Şirkət sərgidə Böyükşor gölü ərazisinin inkişafına dair konsepsiyasını təqdim edib.
“Bakı Ağ Şəhər”in icrasına 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə başlanıb. Dayanıqlı və ekoloji cəhətdən təmiz şəhərsalma, eləcə də “Ağıllı şəhər” prinsipləri əsasında hazırlanan layihədə müasir şəhərsalma həllərindən istifadə olunur. Əvvəllər “Qara şəhər” adlandırılan ərazi 150 ildən artıq müddətdə neft sənayesi tullantıları ilə çirklənmişdi. Prezidentin təşəbbüsü ilə burada ekoloji layihə həyata keçirilib və yeni yaşayış massivi yaradılıb.
Yaşayış binaları MDB-də ilk dəfə BREEAM beynəlxalq ekoloji sertifikatlaşdırma standartı və CRREM karbon risklərinin qiymətləndirilməsi tələbləri nəzərə alınmaqla layihələndirilib. Geniş küçələri, yaşıllıqları və beynəlxalq heykəltaraşlıq nümunələri ilə seçilən ərazi paytaxtın iş, yaşayış və istirahət məkanlarından birinə çevrilib.
Layihənin növbəti mərhələsində SOCAR-la birgə Azərbaycanın neft sənayesinin tarixinə və dünya energetikasındakı roluna həsr olunacaq muzey binasının konsepsiyası hazırlanıb. Ekspozisiyada vaxtilə ekoloji böhranla üzləşmiş “Qara şəhər”in müasir və dayanıqlı “Baku White City”yə çevrilməsinin tarixçəsi göstəriləcək. Binada sərgi zalı, kitabxana, ofislər, restoran və kafelər nəzərdə tutulur. Şəhərə və sahilə açılan mənzərəli 90 metrlik müşahidə qülləsinin yaradılması da planlaşdırılır.
“Bakı Ağ Şəhər”in rəmzlərindən olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə və iaşə obyektlərini, yaxta klublarını, eləcə də təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirəcək. Layihə “ADEC” və “Bürc-Xəlifə”nin müəllifi olan, ABŞ-ın SOM memarlıq bürosu ilə birlikdə hazırlanıb.
Ərazi incəsənət və mədəniyyət məkanı kimi də tanınır. Burada amerikalı heykəltaraş Robert Sammersin “Qarabağ atları” kompleksi, Konstantin Krikin “Seven Public Clocks” adlı yeddi saatdan ibarət kompozisiyası, Cozef Klibanskinin “Buludların üstündə” əsəri və britaniyalı heykəltaraş Saymon Qadcenin “Nur axtarışında” heykəli yerləşdirilib.
Maldivin məkan və iqtisadi transformasiyasında əsas rol oynayan dövlət müəssisəsi “Housing Development Corporation” (HDC) də sərgidə iştirak edir. Şirkət inklüziv və dayanıqlı “ağıllı” şəhərlərin yaradılması, eləcə də iri inkişaf layihələrinin idarə olunması ilə məşğuldur. Stenddə mərkəzləşdirilmiş Sənaye Kəndi, yüksək tutumlu Cənub Limanı Ticarət Zonası və digər təşəbbüslər təqdim edilib. HDC turizmlə yanaşı, kommersiya daşınmaz əmlakı, yaşıl texnologiyalar, “ağıllı” kommunal infrastruktur və dəniz ticarəti sahələrindəki investisiya imkanlarını nümayiş etdirir.
Gürcüstanda yaşayış və hotel layihələri həyata keçirən “Silk Development”in əsas layihələrindən biri Batumidəki Silk Towers-dir. Şirkət sərgidə yaşayış, lüks hotel və çoxfunksiyalı obyektlərdən ibarət portfelini, tanınmış memarların hazırladığı layihələri və uzunmüddətli dəyərə, yüksək gəlirə hesablanan mülkiyyət modellərini təqdim edib. İştirakın məqsədi Xəzər regionunda fəaliyyət dairəsini genişləndirmək, investorlar, strateji tərəfdaşlar və brokerlərlə əlaqələr qurmaqdır.
“Koroğlu” metro stansiyası və Böyükşor gölünün yaxınlığında yerləşən “Luna Garden” çoxfunksiyalı yaşayış kompleksidir. Metro stansiyasının yeni çıxışı birbaşa kompleksin ərazisindədir. 6,7 hektarlıq layihə 9 binadan ibarətdir, ərazinin 60 faizi yaşıllıq üçün ayrılıb.
2003-cü ildən tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” Bakı və Sumqayıtda müasir standartlara uyğun yaşayış kompleksləri tikir. Şirkət məktəb, uşaq bağçası, park, ticarət və digər sosial obyektləri vahid məkanda birləşdirən “şəhər içində şəhər” yanaşmasını tətbiq edir. “City Garden Nərimanov”, “Park Yasamal” və “Highland Residence” bu layihələr sırasındadır.
“Kristal” innovativ tikinti üsullarına, enerji səmərəliliyinə, ekoloji məsuliyyətə və dayanıqlı şəhərsalma prinsiplərinə önəm verir. Sərgidə təqdim edilən yeniliklərdən biri istilik izolyasiyasını gücləndirən, enerji itkisini azaldan və binaların səmərəliliyini artıran müasir panel fasad sistemidir.
Prezident, birinci xanım və Leyla Əliyeva Qarabağ Dirçəliş Fondunun stendi ilə də tanış olublar. Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi verir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Sərgidə Fondun iştirakı onun fəaliyyəti və azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə məlumatlılığı artırmaq, ianəçilik mədəniyyətini təşviq etmək məqsədi daşıyır.
Fondun sifarişi ilə hazırlanmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı da təqdim olunur. Nəşrdə Qarabağın tarixi həqiqətləri və Prezidentin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri əksini tapıb.
Stenddə “Qarabağın inciləri” adlı maarifləndirici oyun vasitəsilə bölgənin tarixi-mədəni irsi, bərpa edilən abidələr və Zəfərdən sonra yaradılmış infrastruktur tanıdılır. “Qarabağ quiz” viktorinası Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsləri və Vətən müharibəsi mövzularını əhatə edir. Həmçinin beynəlxalq ictimaiyyətin diqqətini mina təhlükəsinə yönəltmək üçün Fondun sifarişi ilə çəkilmiş “Ölümcül Miras” sənədli filmi barədə məlumat verilir.