QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bank filiallarının regionlarda paytaxtla müqayisədə məhdud olması sakinlərin maliyyə xidmətlərinə çıxışını çətinləşdirə bilər. Filial şəbəkəsinin qurulmasında isə iqtisadi potensial və müştəri tələbatı əsas amillər sırasındadır.

Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, rayonlarda bankların təmsilçiliyi eyni deyil: bir ərazidə A bankının filialı olduğu halda, B bankının olmaması mümkündür. Başqa rayonda isə vəziyyət əksinə ola bilər. Onun sözlərinə görə, regionlarda filial şəbəkəsi Bakıdakı qədər geniş inkişaf etməyib.

Kərimov qeyd edib ki, filial saxlamaq xərc tələb etdiyindən banklar yeni məntəqə açarkən iqtisadi səmərəliliyi, rayonun və regionun potensialını, eləcə də yerli sahələrin inkişafını qiymətləndirirlər. Mikro və kiçik sahibkarlıq, xüsusən aqrobiznesin vəziyyəti həm filialın açılmasına, həm də orada hansı şöbələrin və neçə əməkdaşın fəaliyyət göstərəcəyinə təsir edir.

Ekspertin sözlərinə görə, iri bankların bir çoxu bütün rayonlarda filiallarla təmsil olunsa da, daha kiçik və məhdud şəbəkəli banklar hər rayonda məntəqə yaratmaq əvəzinə bölgənin mərkəzi ərazilərini seçə bilirlər. Məsələn, Gəncə-Qazax bölgəsində filial Gəncə, Şəmkir və ya Qazaxda yerləşə bilər. Bu halda Tovuz, Gədəbəy, Ağstafa, Samux və ətraf ərazilərin sakinləri də həmin filiala müraciət edə bilərlər.

Kərimov bildirib ki, kredit faizləri paytaxt və regionlarda eyni standartlarla müəyyənləşdirilir. Bununla yanaşı, mikrokreditlər, biznes və aqrokreditlər üzrə satışları təşviq etmək üçün ayrı-ayrı məhsullara güzəşt kampaniyaları tətbiq edilə bilər. Əkinçilik, maldarlıq və bitkiçilik sahələrində mövsümi təkliflər də mümkündür.

Bankın satış yanaşması filialları üzrə vahid olduğuna görə, kredit şərtləri, əsasən, dəyişmir. Ancaq banklar arasında faiz və digər şərtlərdə fərq yarana bilər. Bir bank komissiyasız kredit təqdim edə, digəri komissiya tətbiq etməklə faizdə güzəştə gedə bilər. Kreditini başqa bankdan gətirən müştəriyə bir-iki faiz bəndi aşağı dərəcə təklif edən banklar da var.

Mütəxəssis bu addımları satışları artırmağa, müştəriləri saxlamağa və onların başqa banklara keçməsinin qarşısını almağa yönəlmiş marketinq tədbirləri kimi izah edib.

Onun fikrincə, bankların bütün rayonlarda filial açması arzuolunan olsa da, bu, hər zaman maliyyə baxımından sərfəli deyil. Mövcud filialın normal işlədiyi ərazidə əlavə bankın məntəqəsi müştəri azlığı və ya bəzi məhsullara tələbin zəifliyi səbəbindən gözlənilən nəticəni verməyə bilər.

Filial barədə qərar qəbul etməzdən əvvəl banklar əhalinin iqtisadi fəallığını, potensial müştəri sayını, mümkün satış həcmini, statistik göstəriciləri və digər məlumatları təhlil edirlər. Bu qiymətləndirmələrdən sonra rayon və ya regionda filial açılması ilə bağlı seçim edilir. Filial həm ayrı-ayrı rayonlarda, həm də regionun mərkəzi sayılan ərazilərdə yerləşdirilə bilər.

Kərimovun sözlərinə görə, Quba-Xaçmaz iqtisadi regionunda Quba və ya Xaçmazda açılan filialdan Qusar, Siyəzən və digər ərazilərin sakinləri də istifadə edə bilər. Mərkəzi Aran regionunda Kürdəmirdə fəaliyyət göstərən məntəqə Sabirabad, İsmayıllı, Ağsu, Ağdaş, Hacıqabul və Şirvandan müraciət edənlərə xidmət göstərə bilər.

Eyni yanaşma Qarabağ iqtisadi regionu üçün də keçərlidir: Şuşa və ya Xankəndidə yaradılan filial Ağdam, Cəbrayıl, Laçın, Zəngilan və digər ərazilərdə yaşayanlara xidmət edə bilər. Şəki və ya Zaqatalada açılan filiallardan isə qonşu rayonların sakinləri yararlana bilərlər.