QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Kapital Bank rəqəmsal bankçılıq imkanlarını filial xidmətləri ilə birləşdirən yeni formatını Gəncədə istifadəyə verib. Bu konsepsiya üzrə ilk filial şəhərdə açılıb.
Filialda bir sıra xidmətlərin tam rəqəmsal formada göstərilməsi nəzərdə tutulub. Rəqəmsal guşədə müştərilər nağdsız ödəniş və onlayn köçürmə kimi əməliyyatları yerinə yetirə bilərlər. Bundan başqa, bankçılıq tarixində ilk dəfə burada QR kodla onlayn növbə götürmək mümkün olacaq.
Açılış tədbirində çıxış edən Bir ekosisteminin rəhbəri və Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni format üzrə ilk filialın Gəncədə açılmasının təsadüfi olmadığını deyib. O bildirib ki, bank müasir rəqəmsal həlləri insanlar üçün sadələşdirməyə çalışır və paytaxtda yaradılan innovativ mühitlə rəqəmsal imkanların ölkənin bütün bölgələrində eyni səviyyədə əlçatan olmasını hədəfləyir. Hüseynovun sözlərinə görə, yeni filialda texnologiyanın rahatlığını əməkdaşların fərdi yanaşması və qayğısı ilə bir araya gətirmək planlaşdırılır.
Mərasimdə Kapital Bank-ın nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ictimaiyyətinin təmsilçiləri və müştərilər iştirak ediblər.
Atatürk prospekti, giriş 428 ünvanında yerləşən filial həftəiçi hər gün saat 09:00-dan 18:00-dək müştərilərə xidmət edəcək. Burada əmanət, plastik kart və müxtəlif kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi də daxil olmaqla bank xidmətləri göstəriləcək.
Kapital Bankın ölkə üzrə xidmət şəbəkəsinə 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomat daxildir.